Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanova hökm oxunan zaman onların ittiham edildiyi maddələrdən bir neçəsi cinayət işindən çıxarılıb.
Unikal.org "Reporta istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə həmin şəxslərin quldurluq əməli törətmədiyi qənaətinə gəlinib.
Buna görə də cinayət işində təqsirləndirilən şəxslərə qarşı ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri işdən çıxarılıb.
Lakin həmin maddələr üzrə adıçəkilən şəxslərə bəraət verilməsi yaxud cinayət işinə xitam verilməsi qeyd edilməyib. Sadəcə hökmdə bu maddələr üzrə cəza verilməyib.
Qeyd edək ki, hökmə əsasən A,Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il, O.Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.