Müğənni Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməklə bağlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Unikal.org apa-ya istinadən əldə etdiyi məlumata görə, o, məhkəmədə ifadəsində məhbuslara kömək etmədiyini deyib. "Mənim etibarımdan sui-istifadə ediblər. Onların qaçmaq niyyəti olduğunu bilməmişəm. Bunların heç birindən xəbərim yoxdur", - deyə müğənni bildirib.
Fədayə Laçın hadisədən bir ay əvvəl Etibarla görüşdüyünü deyib: "Bu hadisə baş verməzdən təxminən bir ay əvvəl Etibarı məhkəmə üçün Lənkarana aparanda qatarda onunla görüşmüşəm. Bakı dəmiryolu vağzalında minib, Biləcəri stansiyasında düşmüşəm. Ancaq qaçış günü baş verənlərin mənimlə heç bir bağlılığı yoxdur".
Qeyd edək ki, Fədayə Laçın təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.