Siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə Türkiyə-Azərbaycan həmrəyliyi güclənməkdə davam edir. Həm qarşılıqlı səfərlərimiz, həm də nazirlərimizin intensiv görüşləri Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin, həmrəyliyin hansı səviyyədə olduğunu göstərir. Qurumlarımızın gördüyü işlər də eyni qaydada. Xüsusilə son zamanlar müdafiə sənayesi sahəsindəki həmrəyliyimiz təbii ki, böyük əhəmiyyət kəsb edir. Əlbəttə, turizmi inkişaf etdirmək, eyni zamanda, mədəni əlaqələrimizi, həmçinin universitetlər arasındakı əlaqələrimizi genişləndirmək məqsədilə atdığımız və atacağımız addımlar böyük əhəmiyyət daşıyır.
Unikal.org xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə sənədlərinin imzalanmasından sonra mətbuata bəyanatında bildirib.
"Dünən Nazirlər Kabinetimiz bir qərar qəbul etdi. Qarşıya Naxçıvandan Türkiyəyə ildə 120 milyon dollarlıq idxal həcmi hədəfini qoyduq. Beləliklə, Naxçıvanı daha da inkişaf etdirmək, canlandırmaq üçün "Sən yalnız deyilsən, qardaş deməyin, inşallah, addımını atacağıq, - deyə Türkiyə Prezidenti qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Türkiyənin və Azərbaycanın bu həmrəyliyi, beynəlxalq təşkilatlarda da göstərilən həmrəylik çox vacibdir. Qarşıda Azərbaycanın EXPO məsələsi var. Türkiyə təbii ki, bu məsələdə də bütün imkanları, bütün gücü ilə Azərbaycanı dəstəkləyəcək. EXPO-nun burada hazırlanmasında və keçirilməsində bütün təcrübəmizi bölüşməyə çalışacağıq.