Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 2-də İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Unikal.org xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizə göstərilən dostluq münasibəti və diqqətə görə İtaliya Senatının sədr müavini Linda Lanzillottaya minnətdarlığını bildirdi. Bu il Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva ölkələrimiz arasında uğurlu, ikitərəfli maraqlara cavab verən münasibətlərin mövcudluğunu məmnunluqla qeyd etdi.

Əməkdaşlığımızın bir çox sahələri - siyasi, iqtisadi, humanitar sahələri əhatə etdiyini və əlaqələrimizin inkişaf etdiyini deyən Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizin Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdiyini vurğuladı, "Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolunun daha da artacağını diqqətə çatdırdı. Bildirdi ki, İtaliya da TAP layihəsinə qoşularaq bu sahədə Azərbaycan ilə çox uğurlu əməkdaşlıq edir. Mehriban Əliyeva Trans-Adriatik (TAP) boru kəmərinin inşası ilə bağlı bu günədək işlərin 60 faizinin görüldüyünü deyərək kəmərin vaxtında istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirdi.

İtaliya ilə münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini, eyni zamanda, potensialın daha böyük olduğunu xatırladan Azərbaycanın Birinci vitse-prezidenti gələcəkdə bu potensialdan daha səmərəli istifadə olunacağına əminliyini ifadə etdi. Bildirdi ki, humanitar sahədə ölkələrimizi və xalqlarımızı bir-birinə daha yaxın edən layihələr reallaşa bilər.

Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədr müavininin ölkəmizə səfərinin bu istiqamətdə atılan addımlara yeni təkan verəcəyinə ümidvar olduğunu bildirdi.

İtaliya Senatının sədr müavini Linda Lanzillotta görüşə görə minnətdarlıq edərək ölkəmizlə münasibətlərin inkişafında İtaliyanın maraqlı olduğunu vurğuladı.