Son 3 ildə ölkəyə idxal olunan avtomobillərin sayı təxminən 4 dəfəyədək azalıb. Belə ki, 2010-cu ildə ölkəyə 51 824, 2011-ci ildə 64 916, 2012-ci ildə 89 652, 2013-cü ildə 94 879, 2014-cü ildə 57 615, 2015-ci ildə isə 23 765 ədəd avtomobil idxal edilib.  
Unikal.org-un məlumatına görə, sözügedən statistikanı iqtisadçı-alim Qubad İbadoğlu açıqlayıb. Onun sözlərinə görə, son 5 ildə ölkəyə ən çox minik avtomobili 2013-cü ildə gətirilib: "Ötən il isə həmin illə müqayisədə minik avtomobillərin idxalı 4 dəfəyədək azalıb. Bu ilin ilk 3 ayında isə həmin mal mövqeyi üzrə idxal göstəricisi 1235 ədədə düşüb. Bu gedişlə cari il ərzində ölkəyə 5 min ətrafında avtomobil gətirilməsi gözlənilir ki, bu da ötən ilin göstəricisindən ən azı 4 dəfə aşağı olacaq".   Q.İbadoğlu hazırda ölkə üzrə 1 milyondan çox şəxsi minik avtomobillərinin qeydiyyatda olduğunu deyib: "Bu göstərici 1990-cı illə müqayisədə 5 dəfə, 1995-ci illə müqayisədə 4 dəfə, 2005-ci il göstəricisi ilə müqayisədə isə 2 dəfədən də çoxdur. Ötən 10 il ərzində avtomobillərin sayı ilə yanaşı, onun modellərində də xeyli dəyişikliklər qeydə alınıb. Belə ki, əgər 10 il bundan əvvəl şəxsi avtomobil parkında rus istehsalı olan "Lada" və digər markalı avtomobillər üstünlük təşkil edirdisə, hazırda alman istehsalı olan "Mersedes-Benz" və digər markalı avtomobillər çoxluq təşkil edir".  Ekspertin fikrincə, son zamanlar avtomobillərin idxalının kəskin azalması maşın-avadanlıq parkının yenilənməsinə mənfi təsir göstərəcək: "Bu isə şəxsi minik avtomobillər arasında köhnə maşınların xüsusi çəkisini ildən-ilə artıracaq. Belə olan halda da maşınlardan çıxan tullantıların miqdarı çoxalaraq, xüsusilə də Bakı və Gəncə şəhərlərində atmosferi daha da çirkləndirəcək".