Xəbər verdiyimiz kimi, həbsdən buraxıldıqdan sonra İstanbulda köçən məşhur kriminal avtoritet "Lotu Qulini öldürmək üçün gedən Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin və o, cümlədən "Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev saxlanılıblar.
Məsələ ilə bağlı İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Unikal.org-un sorğusunu cavablandırıb.
Bildirilib ki, həyata keçirilmiş operativ-axtarış tədbirlər nəticəsində İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM ticarət mərkəzində saxlanılanlar arasında azərbaycanlılar da var. Dünən gecə onlar saxlanıldığı üçün izahatları bu gündən alınmağa başlayıb.
Onların hər birinin hadisədə cinayət əməli olub-olmaması araşdırılır. Əgər kiminsə bu cinayətdə günahı yoxdursa, yaxın iki gün ərzində sərbəst buraxılacaqlar. Əks halda Türkiyə qanunvericiliyinə uyğun olaraq işləri məhkəməyə göndəriləcək.
İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Namiq Canıyevin səhhəti və deportasiya olunmasına da münasibət bildirilib. Vurğulanıb ki, Namiq Canıyev və digərlərinin sağlıq durumu yaxşıdır. Hadisə nəticəsində onlardan heç biri güllə yarası və yaxud hər hansısa bir xəsarət almayıblar:
"Gündə 3 dəfə yeməkləri verilir. Sağlıq durumları hər dəqiqə yoxlanılır.
Namiq Canıyevin deportasiya olunması məsələsinə gəldikdə isə İdarədən qeyd edilib ki, bu barədə məlumatı qarşıdakı iki gün ərzində bilmək mümkün olacaq.
Amid Əyyuboğlu