Unikal.org Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibəsin təqdim edir.
- CNN telekanalının yunan xidməti Azərbaycanın işğal olunmuş ərazilərindən veriliş hazırlayıb. Bu barədə nə deyərdiniz?
- Veriliş göründüyü kimi birtərəfli və qərəzli xarakter daşıyaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət edir və münaqişənin mahiyyətini təhrif edir. O da aydın şəkildə görünür ki, veriliş Ermənistan müdafiə nazirliyinin sifarişi əsasında kommersiya şərtləri ilə hazırlanıb və yalnız siyasi reklam xarakteri daşıyır. Təəssüf edirik ki, CNN yunan xidməti qeyri-obyektiv və qərəzli siyasi sifarişləri yerinə yetirir. Bununla əlaqədar etirazımız CNN televiziya kanalına çatdırılacaq.
- Verilişdə Ermənistanın müdafiə naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə toxunur. Buna münasibətiniz necədir?
- BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822(1993), 853(1993), 854(1993) və 884(1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib.
874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan və onun bütün üzvləri tərəfindən təqdim olunan "Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli adlı sənəd alqışlanılır və təqdir olunur. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə və konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur.
BMT baş katibinin 1994-cü il 31 oktyabr tarixli SG/SM/5469 nömrəli açıqlamasında aydın şəkildə bildirilir: "BMT-nin mövqeyi dörd prinsipə əsaslanır ki, bunlar da BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələrində qeyd olunub. Birinci prinsip Azərbaycanın ərazi bütövlüyüdür. İkinci prinsip beynəlxalq sərhədlərin toxunulmazlığıdır. Üçüncü prinsip ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyidir. Dördüncü prinsip Azərbaycanın işğal olunmuş ərazilərindən bütün xarici qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasıdır.
Beynəlxalq hüququn tələblərinə uyğun olaraq erməni xalqını sülhə hazırlamaq əvəzinə Ermənistan müdafiə naziri tamamilə savadsız bir formada Ermənistanın Azərbaycan ərazilərini işğalını izah etməyə cəhd göstərir.
O həmçinin, gülünc formada BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif edir və bununla erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bu kimi təhrifedici fəaliyyət münaqişənin həlli üzrə sülh prosesinə xələl gətirir.
-Ermənistanın müdafiə naziri Avropa İttifaqı (Aİ) və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məsələlərə də toxunur. Bunu necə şərh edərdiniz?
- İspaniyanın Kataloniya regionunda baş verən hadisələrlə əlaqədar Aİ öz qətiyyətli və birmənalı mövqeyini bir daha ortaya qoydu. Belə ki, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, mərkəzi hakimiyyətin və xalqın iradəsinə zidd olaraq dövlətlərin ərazi bütövlüyü pozula bilməz. Aİ-nin Qlobal strategiyasında da Aİ üzv dövlətlərinin və Aİ-dən kənar ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi ümdə prinsip kimi təsbit olunub.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin fərqli cəhəti Ermənistanın güc tətbiq edərək Azərbaycanın ərazilərini işğal etməsi və işğal edilmiş ərazilərdə etnik təmizləmə törətməsidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsasını Avropanın II Dünya müharibəsində əziyyət çəkdiyi kimi təcavüz və işğal faktı təşkil edir.
1975-ci il Helsinki Yekun Aktının qəbul olunması ilə güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməzliyi və sərhədlərin toxunulmazlığı prinsipi bir daha təsbit olunub.