Azərbaycanın sabiq Baş naziri, hərbi dövlət çevrilişində təqsirli bilinən keçmiş korpus komandiri Sürət Hüseynov İstanbulda güllələnən "Bakılı Əhməd ləqəbli iş adamı ilə yaxın olması barədə yayılan məlumatlara münasibət bildirib.
Unikal.org xəbər verir ki, Sürət Hüseynov "Ölkə.Az-a açıqlamasında yayılan xəbərləri təkzib edib.
S.Hüseynov həmçinin deyib ki, barəsində bu cür xəbərlərin yayılması sifariş xarakteri daşıyır:
"Mən "Bakılı Əhməd adlı birisini tanınmıram. Nə də Rövşən Lənkəranski ilə də heç əlaqələrim olmayıb. Bu cür xəbərlərlə mənim gündəmə gətirməyə çalışırlar. İndi 21-ci əsrdə yaşayırıq, internet üzərində istənilən xəbəri rahatlıqla öyrənmək olur. Nə Türkiyə, nə də digər xarici ölkələrdə "Bakılı Əhmədin mənim yaxınım olması barədə heç bir xəbər dərc edilməyib. Bu xəbər yalnız Azərbaycandakı bir-iki saytda yayılıb. Tamamilə yalan və böhtan xəbərlərdir. Mən bu cür xəbərlərin sifarişli olduğunu düşünürəm.
S.Hüseynov siyasətlə məşğul olmadığını da söyləyib:
"Siyasətlə məşğul olmuram. Haqqımda bu cür yalan yazan adamlara demək istəyirəm ki, məndən əl çəkin! Gedib hoqqabazlığı başqaları ilə edin. Svil insanlar svil ölkədə yaşamağı sevirlər. Bu cür yalan xəbərləri yazanlar cinayət etmiş olurlar, cinayətə ortaq olurlar. Mətbuat azaddır deyə, insanlara şər-böhtan atmaq olmaz. Bu yolverilməzdir!.
Xatırladaq ki, Avropa.info-nun Türkiyədəki mənbələrdən əldə etdiyi məlumata görə, İstanbulda "Bakılı Əhməd ləqəbi ilə tanınan iş adamı Əhməd (soyadı məlum deyil: avropa.info) evində güllələnib.
Xəbərdə deyilir ki, "Bakılı Əhməd ləqəbli iş adamı kriminal avtoritet Rövşən Lənkəranski və eyni zamanda keçmiş baş nazir Surət Hüseynovla yaxın olması ilə tanınırmış.
Xəbərə görə, "Bakılı Əhmədin hətta Rövşən Lənkəranskinin cənazəsinin Azərbaycana yola salınmasında fəal iştirak etdiyi bildirilir:
"Rövşənin ölümündən sonra isə iş adamının onun qardaşı, gömrük polkovniki Namiq Caniyevlə yaxın əlaqələrinin olduğu qeyd edilir.
"Bakılı Əhmədin keçmiş baş nazir, hazırda Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan Surət Hüseynovla da yaxşı münasibətlərinin olduğu bildirilir. İstanbulda tekstil biznesi ilə məşğul olan Surət Hüseynova məhz "Bakılı Əhmədin yardım etdiyi də gələn məlumatlar arasındadır. Mənbə bildirir ki, Surət Hüseynovun biznesinə məhz "Bakılı Əhməd rəhbərlik edirmiş. Bununla yanaşı Lənkəranski ilə Surət Hüseynov arasında hər hansısa münasibətlərin olub-olmaması haqda məlumat yoxdur.
Bu arada evində güllələnən "Bakılı Əhmədin ağır yaralı olduğu və İstanbuldakı xəstəxanalardan birinə aparıldığı bildirilir. Onun vəziyyətinin kritik olduğu qeyd olunur.