Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Unikal.org APA-ya istinadən məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda məhkəmə istintaqının başa çatdığı elan edilib.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses noyabrın 13-də davam etdiriləcək.
Qeyd edək ki, bu il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.