Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçması ilə bağlı təqsirləndirilərək həbs edilən müğənni Fədayə Məmmədova (Laçın) vəkilindən imtina edib.

Bu barədə Unikal.org-a daxil olan məlumatda bildirilir ki, Fədayə Məmmədova dövlət hesabına təyin olunan vəkil Rəfiqə İsmayılovanın hüquqlarının müdafiəsindən imtina edib.

Artıq Fədayə Məmmədovanın yeni vəkili də müəyyənləşib. Ailəsi bir qədər əvvəl yeni vəkillə müqavilə bağlayıb.

16:36

Unikal.org-un əldə etdiyi məlumata görə, bu şəxs 6 saylı hüquq məsləhətxanasının vəkili Türkel Süleymanlıdır. 

Vəkil Türkel Süleymanlı bu gün Bakı İstintaq Təcridxanasında xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçınla görüşüb.

T. Süleymanlı APA-ya açıqlamasında deyib ki, F. Laçın saxlanılma şəraitindən narazı deyil: "Onun səhhəti normaldır, heç bir problem yoxdur. Sadəcə, bütün olanlara görə peşmandır. Bildiyiniz kimi, Etibar Məmmədovla münasibəti olub, ancaq ittihamları qəbul etmir".