Mətbuat Şurasının (MŞ) "Reket jurnalistikaya qarşı mübarizə Komissiyasının iclası keçirilib.
Şuradan unikal.org-a verilən məlumata görə, iclasda çıxış edən MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Şuranın "qara siyahısına daxil edilmiş informasiya vasitələri yenidən xoşagəlməz fəaliyyətlərini davam etdirib.
Şura sədri deyib ki, bu cür mənfi tendensiyalar ciddi hüquqi ölçü tədbiri götürülməsini zəruriləşdirir.
"Reket jurnalistikaya qarşı mübarizə Komissiyasının sədri, "İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, rəhbərlik etdiyi komissiyaya Şuranın Şikayətlər üzrə Komissiyası tərəfindən təqdim edilmiş 9 rəydə 9 KİV-in adının "qara siyahıya salınması nəzərdə tutulub. Bunlar "Obyektiv.org saytı, "Korrupsiyaya yox qəzeti, "Aztoday.az saytı, "Dövrün nəbzi (dovrunnebzi.com) informasiya portalı, "Dünyapress.com saytı, "Nia.az saytı, "Reallıq.info saytı, "Qanunxəbər İnformasiya Agentliyi ("Qanunxeber.az saytına) və "Xalqınsesi.com saytıdır.
Müzakirələrin gedişində bildirilib ki, "Reket jurnalistikaya qarşı mübarizə Komissiyasının fəaliyyətini gücləndirməsi vacibdir. Qeyd olunub ki, xüsusən də qurumun tərkibində hüquq-mühafizə orqanlarının təmsilçilərinin olmaları mövcud sahədə daha intensiv işin aparılmasına kömək göstərəcək.
Müzakirələrdən sonra adları çəkilən KİV-lərin adlarının MŞ-nin "qara siyahısına daxil edilməsinə dair rəy çıxarılıb.
Bu istiqamətdə yekun qərar Şuranın İdarə Heyəti tərəfindən veriləcək.