Bu gün 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə Sumqayıt şəhərində ümumşəhər bayramı keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.
Şəhər ictimiaiyyətinin nümayəndələri, o cümlədən gənclər və ümumtəhsil məktəblilərinin şagirdləri şəhərin müxtəlif istiqamətlərindən Bayraq Meydanına doğru yürüş ediblər.
Tədbirdə Dövlət bayrağının rəmzi mənalarına toxunulub, onun milli-mənəvi dəyərlərindən söz açılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində hər il qeyd olunur. Bildirilib ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.
Qədim dövrlərdən başlayaraq bu günümüzədək mövcud olmuş bayraqlar nümayiş etdirilərək, onlar haqqında geniş məlumat verilib.
Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.