Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Mulatu Teşome ilə görüşüb.
Bu barədə Unikal.org-a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Efiopiyanın dövlət başçısına çatdırıb. Efiopiya Prezidenti Mulatu Teşome Azərbaycan Respublikası Prezidentinin səmimi salamlarına görə təşəkkür edib, onun da salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Prezident Mulatu Teşome iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə önəm verdiklərini və ikitərəfli əməkdaşlığı daha yuxarı müstəviyə qaldırmaq üçün səylərin artırılmasının, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
O, çoxsaylı Efiopiyalı tələbələrinin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, həmin məzunların iki ölkə arasında körpü rolunu oynaya biləcəyini deyib.
Nazir Elmar Məmmədyarov minlərlə afrikalı tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsil aldığını, ölkəmizin bu sahəsində Efiopiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edərək, ali təhsil müəssisələrimiz, o cümlədən xarici tələbələr üçün əlverişli təhsil imkanları barədə məlumat verib.
Efiopiyanın Afrika qitəsində, eyni zamanda Afrika İttifaqı təşkilatında əhəmiyyətli mövqeyinə toxunan Elmar Məmmədyarov, ölkəmizin Efiopiya ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Nazir ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
Elmar Məmmədyarov ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətlər, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr, habelə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin perspektiv imkanları barədə danışıb. Nazir həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək ölkəmizin ədalətli mövqeyini Prezident Mulatu Teşomenin diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması yolları, habelə kommunikasiya və logistika sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.