Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə qəbul təşkil edilib.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
Azərbaycanı "Qafqazın mirvarisi adlandıran tədbirin aparıcısı ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu deyib. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu tədbirdə iştirak etməsindən şərəf hissi duyduğunu bildirib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış edib.
Sonra Azərbaycan haqqında videoçarx nümayiş olunub.
Qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə malik Azərbaycan bu gün sürətlə inkişaf edən ölkə kimi bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanın paytaxtı Bakının "Expo 2025 Ümumdünya Sərgisinə namizəd şəhər olması da təsadüfi deyil.
Bu gün Azərbaycan dünyada həm də müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır. Bununla yanaşı, ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu tədbirlərdə Azərbaycan layiqincə təmsil olunub, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri geniş təbliğ edilib, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Bakının "Expo 2025 Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə keçirilən qəbulda Azərbaycan və dünya bəstəkarlarının əsərləri, həmçinin xalq mahnıları səsləndirilib.
Qeyd edək ki, Azərbaycan milli pavilyonla ilk dəfə "Milan Expo 2015 Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin "Milan Expo 2015dəki pavilyonunu sərgi günlərində 3 milyondan çox insan ziyarət edib. Türkiyədə təşkil olunan "Antalya Expo 2016 Beynəlxalq Botanika Sərgisində də Azərbaycan milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən "Expo 2017 Beynəlxalq Sərgisində isə ölkəmiz "Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.
Azərbaycan "Expo 2025 Bakı Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq olacaq.
Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də "Expo 2025 Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb.
Bakının "Expo 2025 Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə təşkil edilən qəbulda Azərbaycanın və Fransanın tanınmış ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri və digər nüfuzlu şəxslər iştirak ediblər.
Tədbir zamanı qurulmuş xüsusi monitorlarda Azərbaycan haqqında nümayiş olunan videoçarxlar, ölkəmiz barədə nəşrlər böyük maraqla qarşılanıb.
Sonda tədbir iştirakçılarına Azərbaycanla bağlı suvenirlər, paytaxtımızın "Expo 2025ə namizədliyinə həsr olunmuş kataloqlar və digər xatirə hədiyyələri təqdim edilib.