Ermənistan ordusunun bu gecə qoşunların təmas xəttində ağır artilleriyadan və reaktiv atəş sistemlərindən istifadə etməsi Serj Sarkisyanın dördgünlük aprel döyüşlərinin məğlubiyyətindən sonra ölkəsində yaranmış ruh düşkünlüyünü aradan qaldırmaq istəyi ilə bağlıdır.
Gecə atəşi bir növ beynəlxalq aləmin diqqətini BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumudan atışmaya çəkmək məqsədi daşıyırdı".
Unikal.org xəbər verir ki, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə müsahibəsində bildirib ki, gecə hücumunun məhz BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu günlərində edilməsi təsadüfi deyil: "Ermənilər bizim uğurları qəbul edə bilmirlər. Bakıya 140 ölkədən nümayəndə gəlib, bir neçə ölkə dövlət rəhbərliyi səviyyəsində təmsil olunub. İki gün öncə aprelin 24-də uydurma soyqırımla bağlı İrəvanda keçirilən beynəlxalq forumda isə Sarkisyanın yanında Hollivud artisti Kluni oturmuşdu. Gecə atəşi bir növ beynəlxalq aləmin diqqətini forumdan atışmaya çəkmək məqsədi daşıyırdı".
Qabil Hüseynlinin fikrincə, ermənilər həm də bu qəfil gecə hücumu ilə Azərbaycan əhalisi arasında sarsıntı yaratmağa çalışıblar, çünki dağıntılar geniş ərazini əhatə edir. Azərbaycan Müdayfiə Nazirliyinin məlumatları da bu fikri təsdiqləyir. Nazirliyin məlumatına görə, Ermənistan ordusu aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək Tərtər şəhərini və rayonun Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutub. Həmçinin Ermənistan ordusunun Həsənqaya, Qazyan və Qaynaq kəndlərinin də ağır artilleriya atəşinə tutulduğu məlum olub. Sadalanan yaşayış məntəqələrində onlarla ev dağılıb.
Təbii ki, Azərbaycan ordusu Ermənistan ordusunun bir neçə atəş nöqtəsini məhv etməyə məcbur olub. Nəticədə Ermənistan ordusu iki əsgərini itirməsini etiraf edib. "Sputnik Armeniya" portalının verdiyi xəbərə görə, bunlar Ermənistan ordusunun əsgərləri Tiqran Poqosyan və Aram Aruşanyan olub. Beləliklə, Serj Sarkisyanın Ermənistan ordusunda ruh yüksəkliyini qaldırmaq istəyi puç olub.
Amma Serj Sarkisyanın danışıqlardan imtina etməsi göstərir ki, Ermənistan tərəfinin belə cəhdləri çox olacaq. Eyni fikirlər Ermənistan müdafiə naziri Seyran Ohanyan tərəfindən də səsləndirilir. Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərindən sonra Ermənistan rəhbərliyi ritorikanı dəyişib, Serj Sarkisyan hətta genişmiqyaslı müharibə olmasını da istisna etməyib.
Həmçinin, Rusiya mətbuatında da rəsmilər səviyyəsində Azərbaycan əleyhinə təzadlı fikirlər səsləndirilməyə başlayıb. Məsələn, Rusiya prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, ATƏT-in Minsk qrupunun Rusiyanı təmsil edən keçmiş həmsədri Vladimir Kazimirov "Moskovskiy Komsomolets" qəzetinə müsahibəsində aprel döyüşlərinə görə Azərbaycanı günahlandırıb. Rusiyalı diplomat həm də iddia edib ki, BMT-nin Dağlıq Qarabağ üzrə 4 qətnaməsi Azərbaycanın günahı üzündən gerçəkləşməyib.
Belə görünür ki, Ermənistana Rusiya rəhbərliyindən müəyyən ümidlər vəd edənlər var və erməni mətbuatı da Serjin komandasının Rusiyadan silahlar gözlədiyindən yazır. Müxalif yönümlü erməni saytlarının yazdığına görə, müharibə fonunda Ermənistanı ələ keçirərək həddindən varlanmış "Qarabağ" klanı cəbhədə müəyyən qələbələr qazanaraq aprel məğlubiyyətindən sonra korlanmış imicini yaxşılaşdırmaq niyyətindədir.
"Ermənistan rəhbərliyi planla razı idi və Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinə razılıq vermişdi".
Qabil Hüseynli Ermənistan rəhbərliyində yaranmış ümidi Lavrovun İrəvan səfəri ilə izah edir: "Aprel döyüşlərinin ilk günlərində münaqişənin nazamlanması ilə bağlı Putin planı gündəmdə idi və Rusiya münaqişəni təkbaşına həll edərək qərbi Cənubi Qafqazdan çıxarmaq istəyirdi. Ermənistan rəhbərliyi planla razı idi və Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinə razılıq vermişdi. Lakin Qarabağa hansısa üçünücü ölkənin ordusunun girməsi, təbii ki, Azərbaycanı razı sala bilməzdi. Bu, Azərbaycan ordusuna öz ərazi bütövlüyünü təmin etmək məsələsində ən böyük maneə olardı. Yəqin Rusiya planı alınmadığına görə Ermənistana yardım etməyi vəd edib ki, Azərbaycanı planına razı sala bilsin".
Politoloq Rusiyanın Ermənistana pulsuz silah verməsini beynəlxalq səviyyədə müzakirəyə çıxarmağı vacib sayır: "Niyə Moskva başqa ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-in işğal etmiş bir ölkəyə pulsuz silah verir? İndiyə kimi Ermənistana pulsuz verilmiş silahların toplam qiyməti 5 milyard dolları keçir. Bu məsələni biz ATƏT səviyyəsində müzakirəyə çıxarmalıyıq".
"İndiyə kimi Ermənistana pulsuz verilmiş silahların toplam qiyməti 5 milyard dolları keçir".
Bu, bir vaxtlar beynəlxalq səviyyədə Qarabağ danışıqlarında şəxsən iştirak etmiş politoloqun fikridir və diplomatik təcrübədən qaynaqlanır. Ermənilərlə münasibətdə Rusiya amili ilə bağlı Azərbaycan xalqının öz genetik təcrübəsi var. Təcrübə göstərir ki, azərbaycanlılar nə vaxt talelərini, Nərimanov demişkən, Rusiyaya bağlayıblar, onda daima itkilərlə üzləşiblər. İlk itkini elə XIX əsrin əvvəllərində Qarabağ xanı İbrahimxəlil xan Cavanşir verdi. Yüzillərlə Qarabağı idarə etmiş gəncəli Qacar ailəsinə, konkret olaraq Cavad xan Qacara tabe olmamaq üçün Rusiyanı bölgəyə gətirən Qarabağ xanı elə rus kazakları tərəfindən qətlə yetirildi.
Oxşar faciə XX əsrin əvvəllərində də baş verdi. Azərbaycan ordusunun Qarabağda və Zəngəzurda erməni birləşmələrinə böyük qələb çaldığı aprel ayında Bakıda ordu olmamasından istifadə edərək XI bolşevik ordusunu Bakıya gətirən Azərbaycan bolşevikləri - Əliheydər Qarayev və başqaları elə həmin Rusiya kommunistləri tərəfindən qətlə yetirildilər. Üstəlik, Azərbaycan 1923-cü ildə Zəngəzuru itirdi. Buna görə də, Azərbaycan öz ərazisinin taleyini hansısa üçüncü qüvvənin, məsələn Rusiya ordusunun ixtiyarına vermək olmaz. Öz ərazimizin bütövlüyünü məhz öz ordumuz təmin etməlidir.