Azərbaycanlı kriminal avtoritet, "qanuni oğru" Nadir Səlifov ("Lotu Bakinski") sağ qaldığına görə azərbaycanlı keçmiş oliqarx Telman İsmayılova təşəkkür etməlidir.
Unikal.org xəbər verir ki, bu haqda "Sputnik" agentliyinə kriminal dairələrə yaxın mənbə danışıb.
Noyabrın 2-də İstanbulun Bahçelievlər rayonunda yerləşən bir ticarət mərkəzində "Şirinlər" cinayətkar qruplaşmasının lideri Mehmet Sabri Şirin və qruplanmanın bir neçə üzvü, həmçinin mərhum azərbaycanlı avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Canıyevlə onun yaxın adamlarını saxlayıblar. Türkiyə polisi bununla da Nadir Səlifova qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıblar.
Mənbə qeyd edib ki, İsmayılovun özü Səlifova qarşı sui-qəsd hazırlayan şəxslərin ifşasında iştirakını qəbul etməsə də, İstanbulun hüquq-mühafizə orqanları "qanuni oğru"ya hücum haqqında yalnız onun vasitəsilə xəbər tuta bilərdi.
Rusiyada barəsində həbs qərarı çıxarılan Telman İsmayılovun Türkiyəni tərk edərək, ailəsi ilə birlikdə Fransaya köçdüyü bildirilir. Rusiya KİV-inin yazdığına görə, türk polisinin də biznesmenlə bağlı problemləri var. Hüquq-mühafizə orqanlarının versiyasına görə, Telman İsmayılovun adı Rövşən Canıyevin qətli üzrə cinayətdə çəkilir.
Türkiyə polisi 2016-cı ilin avqustunda İstanbulda öldürülən Lənkəranskinin qətlini araşdırır. "Rəşad Gəncinski" kimi məşhur olan "qanuni oğru" Rəşad İsmayılov 2017-ci ilin yanvarında Lənkəranskinin onun əmri ilə öldürüldüyünü elan etməsinə baxmayaraq, qətlin üstü rəsmən açılmayıb. Məlumata görə, "Rəşad Gəncinski" "Lotu Quli" adı ilə məşhur olan Nadir Səlifova yaxındır. Türkiyə xüsusi xidmət orqanları Lənkəranskinin yeri haqqında informasiyanı Nadir Səlifova verilməsindən şübhələnir. Məlumdur ki, iki avtoritetin klanları öz aralarında uzun müddətdir duşmənçilik edirdilər.
Rusiya KİV-inin mənbələrinə görə, Nadir Səlifovun qardaşı "Çerkizov" bazarının müflis olmuş sabiq sahibinin Türkiyədəki villasında tez-tez qonaq olurdu.(publika.az)