Pirallahı rayonunda bəzi küçələrin adları dəyişdirilib.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış işçi qrupu mütəmadi olaraq rayon ərazisində küçə adları, lövhələri, reklamları ilə bağlı monitorinqlər keçirir.
Artıq rayon ərazisində müasir dövrün standartlarına cavab verməyən, cəmiyyətimizin ictimai-siyasi həyatını, tariximizi, adət-ənənələrimizi özündə əks etdirməyən, həmçinin Sovet İttifaqı dövründə verilmiş küçə adları yeni küçə adları ilə əvəz olunub. Belə ki, Pirallahı qəsəbəsində Fioletov küçəsi Milli Qəhrəman Sergey Murtuzəliyev, Xanlar küçəsi neftçi Qurban Abbasov, Əzizbəyov küçəsi Milli Qəhrəman Yavər Əliyev, Prodolnaya küçəsi Milli Qəhrəman Mübariz İbrahimov adlarını alıblar. Çilov qəsəbəsində Caparidze küçəsi Milli Qəhrəman Rasim İbrahimov, Bünyatzadə küçəsi isə 28 May adları ilə əvəz olunublar.
Rayonda qısa müddətdə küçə adlarını bildirən yeni lövhələrin quraşdırılması nəzərdə tutulub.