Azərbaycanda tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərdə bunlardan istifadə edənlər üçün xüsusi yerlərin ayrılması ilə bağlı tələb aradan qaldırılır.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, Milli məclisin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev bildirib ki, bu, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun layihəsinə üçüncü oxunuşunda edilən düzəlişlərdə əksini tapıb.

O qeyd edib ki, ikinci oxunuşdan fərqli olaraq üçüncü oxunuşda idarə, təşkilat, müəssisə və iaşə obyektlərində xüsusi yerlərin yaradılması üçün qoyulan tələb ləğv olunur: "Yəni onlar istəsələr yarada bilərlər, istəməsələr yox... Bu, artıq onların qarşısında şərt kimi qoyulmayacaq. Bu düzəlişə səbəb bir sıra yerdə tütündən istifadə üçün xüsusi yerlərin yaradılmasına şərait olmamasıdır.

A. Vəliyev eyni zamanda bildirib ki, üçüncü oxunuşda digər düzəliş tütün məmulatlarının lotereya oyunlarında mükafat kimi verilməsinin qadağan edilməsidir: "Bəzi həvəsləndirici lotereya oyunlarında mükafat kimi tütün məmulatlarının verilməsinin qadağan edilməsi də düzəlişlərdə əksini tapıb. Düzəlişlərə əsasən həmçinin tütün məmulatları şirkətlərinin xeyriyyəçilik missiyasına icazə verilir. İkinci oxunuşda sponsorluqla yanaşı, xeyriyyəçilik də qadağan idi. Amma biz Türkiyə təcrübəsini əsas götürərək xeyriyyəçiliyə icazə verilməsi qərarına gəldik.

Qanun layihəsi dekabrın 1-də Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.