2017-ci ilin fevralında düşmən təxribatlarının qarşısını alarkən həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid Fuad Fərhad oğlu Qafarovun ölümündən sonra təltif edildiyi medalın ailəsinə təqdim olunması ilə əlaqədar Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək 2018-ci ildə yüz illiyini qeyd edəcəyimiz Azərbaycan Ordusunun tarixindən danışıb, müasir ordumuzun Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun varisi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd olunub ki, əsl mütəşəkkil ordunun yaranması, formalaşması Ulu Öndərimizin adı ilə bağlıdır və bu, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda aparılan uğurlu islahatların xaçmazlılar tərəfindən də həmişə böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan icra başçısı Azərbaycan Ordusu ilə fəxr etdiklərini, ona arxalandıqlarını və bu ordunun tezliklə Qarabağdan qələbə müjdələri gətirəcəyinə əminliklərini bildirib.
Aprel döyüşlərini xatırlayan Ş.Xanbabayev həmin günlərdə bütün xalqımız kimi hər bir xaçmazlının da Ali Baş Komandanın əmrlərinə hazır olduğunu və bu gün də qələbə əhval-ruhiyyəsi ilə yaşadığını nəzərə çatdırıb. Bu döyüşlərdə Xaçmaz rayonu da şəhid verməsinə baxmayaraq əhali ruhdan düşməyib və öz şəhidini alqışlarla son mənzilə uğurlayıb. Şəhid Fuad Qafarov məhz aprel şəhidlərinin intiqamını alan igid oğullarımızdandır.

Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov çıxış edərək şəhidlərin heç vaxt unudulmadığını, şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. O, övladının Vətən uğrunda şəhid olduğundan böyük qürur hissi keçirdiyini qeyd edərək xaçmazlı şəhidin valideynlərinə, doğmalarına da səbr, dözüm arzulayıb.
Polkovnik Abdulla Qurbani müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş F.Qafarovun Azərbaycan Respublikasının Prezidenti adından "Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalla təltif olunması barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrini tədbir iştirakçılarına çatdırıb və medal alqışlar altında şəhidin oğlu Fəridin yaxasına sancılıb. Dörd yaşlı şəhid övladının "Azərbaycan Respublikasına xidmət edirəm! deməsi bütün tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Şəhidin atası Fərhad Qafarov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Bir qrup hərbi qulluqçu və döyüşçü F.Qafarovun ailə üzvləri şəhidin məzarını ziyarət edib, ehtiram əlaməti olaraq qarşısına qırmızı qərənfillər düzüblər.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Çingiz Salman oğlu Qurbanovun ad günü münasibətilə Qusar şəhərində anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin bir qrup hərbi quluqçusu, şəhidin ailə üzvləri, eləcə də Qusar rayon İcra Hakimiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəmanın məzarı üzərinə Müdafiə Nazirliyi adından əklil qoyub və qərənfillər düzüblər.
Anım mərasimində Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan söhbət açıb. Şəhid əsgərin xidmətlərinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, adının əbədiləşdirildiyini, xatirəsinin əziz tutulduğunu, Silahlı Qüvvələr tarixində ilk olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə adının xidmət etdiyi döyüş mövqeyinə verildiyini və şəxsi heyətin daimi siyahısına salındığını qeyd edib.

A.Qurbani Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2017-ci il fevralın 9-da Milli Qəhrəman Ç.Qurbanovun ailə üzvləri ilə görüşdə dediklərini mərasim iştirakçılarına bir daha xatırladaraq bildirib ki, əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üzbəüz qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır.
Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir.
Polkovnik Münasib Babayev Milli Qəhrəman Ç.Qurbanovun öz igidliyi ilə Azərbaycanın şanlı döyüş salnaməsinə yeni səhifə yazdığını, hər bir hərbi qulluqçu üçün örnək olduğunu vurğulayıb və böyük qürur hissi ilə deyib ki, hazırda ordumuzun sıralarında yüzlərlə, minlərlə Çingiz kimi igid oğullar var və onlar ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar.
Qusar rayon İcra Hakimiyyəti Başçısının müavini Elman Mustafayev bildirib ki, ordu sıralarına fiziki və mənəvi cəhətdən sağlam gənclərin hazırlanması, ordu ilə xalqın birliyinin daha da möhkəmləndirilməsi məsələləri Qusar rayonunda da prioritetdir. Bu məqsədlə Müdafiə Nazirliyi ilə birgə keçirilən kütləvi vətənpərvərlik tədbirləri mühüm əhəmiyyət kəsb edir.
"Dekabrın 29-da oğlumun həlak olduğu vaxtdan düz bir il ötəcəkdir. Ancaq bu müddət ərzində dövlətimizin başçısından, Müdafiə Nazirliyinin rəhbərliyindən, eləcə də qədirbilən, xeyirxah xalqımızdan o qədər diqqət və qayğı görmüşük ki, oğul itkisini tamamilə unutmuşuq. Digər oğlum da, mən də Ali Baş Komandanın əmri ilə silah götürüb döyüşə yollanmağa hər an hazırıq. Təki Vətən sağ olsun!, - şəhidin atası Salman Qurbanov deyib.

***


Mərasim Milli Qəhrəmanın xatirə lövhəsi vurulan küçədə davam etdirilib. Tədbir iştirakçıları şəhidin baralyefi qarşısına qərənfillər düzüblər. Ulu öndər Heydər Əliyevin və möhtərəm prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qusarlıların əvəzsiz xidmətləri barədə dedikləri xatırlanıb.
A.Qurbani xalqımızın Ümummilli Liderinin Qusar ictimaiyyəti nümayəndləri ilə görüşündən, general-mayor Mahmud Əbilovun yüz illik yubileyinin keçirilməsi haqqında sərəncamından, görkəmli sərkərdənin vətənində abidəsinin ucaldılmasındakı unudulmaz xidmətlərindən, Ulu Öndərin Qusarda qələbəliklə qarşılanmasından danışıb.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin sədri Canəli Hörmətov qusarlıların bütün zamanlarda Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq olduqlarını vurğulayıb. Rayon gənclərinin hazırda Silahlı Qüvvələrin bütün qoşun növlərində təmsil olunduqlarını, Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini iftixarla qeyd edib. Şəhid ailələrinə, müharibədə sağlamlığını itirənlərə, veteranlara dövlət qayğısından minnətdarlıqla danışıb.
"Gözləyirik ki, Qarabağ müharibəsinin ikinci mərhələsi başlasın, aprel döyüşləri təkrarlansın. Onda görəcəksiniz ki, Qusarda hələ nə qədər Çingiz kimi oğullar var - veteran döyüşçü C.Hörmətov deyib.
Zabit Münasib Babayev, şəhidin qardaşı Beydulla Qurbanov çıxış ediblər. Sonda şəhidin anası Nailə xanım əsgərlərə müraciətlə deyib: - "Siz hər biriniz mənim nəzərimdə Çingizsiniz. Mən sizin simanızda Çingizi görürəm və inanıram ki, Çingizimin və digər şəhidlərimizin intiqamını siz alacaqsınız. Müdrik və qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi altında qələbə bayrağımız tezliklə Şuşada, Xankəndidə və işğal altında olan digər torpaqlarımızda dalğalanacaqdır.
Tədbir iştirakçılarına Müdafiə Nazirliyinin nəşri olan A.Qurbaninin "Çingiz dastanı kitabı hədiyyə edilib.