Bakıda addımbaşı təmir işləri gedir. Yeni binalar tikilir, təmir olunur. İşlər zamanı isə təhlükəsizlik qaydalarına əməl edilmir. Bu səbəbdən də paytaxt sakinlərinin həyatı üçün təhlükə yaranır. Hətta insan öllümləri də baş verir.
Belə hadisələrdən biri bu ilin fevral ayında Bakının Yasamal rayonu ərazisində 20 nömrəli məktəb binasının tikintisi zamanı qeydə alınıb. Tikinti zamanı yerə düşən dəmir boru bir nəfərin ölümünə, digərinin yaralanmasına səbəb olub. Qadınlardan birinin başı əzilib və o, qanitirmədən yerindəcə keçinib. Hadisə baş verəndən sonra hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb və günahkarlar cəzalandırılıb. Lakin öləni geri qaytarmaq mümkün deyil. Əslində Bakıda oxşar hadisələrə tez-tez rast gəlinir. Ekspertlər bunun səbəbini tikinti aparan və ona nəzarət edən qurumların məsuliyyətsizliyində görürlər.
Tikinti üzrə ekspert Ramil Osmanov bildirib ki, son illər ümumiyyətlə tikintidə təhlükəsizliklə bağlı müəyyən tədbirlər görülür. Onun sözlərinə görə, bunu tikintidəki ölüm saylarının azalması da sübut edir.
"Aparılan tədbirlər nəticəsində tikintinin mərkəzi hesab olunan Bakı şəhərində bu sahədə irəliləyişlər var. Amma sözsüz ki, Azərbaycan Avropa deyil. Azərbaycanda tikinti sahəsində təhlükəsizliyin tam təmin olunması, bu problemin birdəfəlik aradan qaldırılmasına müddət lazımdır. Bunun üçün kifayət qədər maarifləndirmə işləri aparılmalıdır".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Emin Allahverdiyev Admiral.az-a bildirib ki, tikinti sahələrində əməyin mühafizəsilə bağlı işə götürən tərəfindən müəyyən təhlükəsizlik tədbirləri görülməlidir.
"İşə götürməmişdən qabaq işçilər qaydalarla tanış olmalıdır. Onları iş sahəsinə buraxmamışdan öncə onları xüsusi geyim, fərdi mühafizə vasitələrilə təmin etməlidir. İnsan həyatı üçün təhlükəli və daha riskli olan yerlərdə müəyyən çəpərləmələr aparılmalıdır. Həmin sahələrdə xəbərverici nişanlar, məlumatlar, plakatlar yerləşdirilməlidir. İşçilər riskli sahələrdə əməyin mühafizəsi qaydalarına əməl etsinlər", - deyə Emin Allahverdiyev vurğulayıb.
Qurum rəsmisinin sözlərinə görə, bu məsələ Əmək Məcəlləsində xüsusi incəliklə qeyd edilir:
"Kimlərsə qayda-qanunlara əməl etmirsə, artıq onlar məsuliyyət daşıyır. Əmək Müfəttişliyi yoxlamalar aparmır. Yalnız şikayət daxil olarsa, mətbuatda bu barədə işıqlandırma olarsa, bu zmaan müfəttişlik araşdırmalar apara bilər".
Xatırladaq ki, Bakıda ilk dəfə deyil ki, belə hadisələr baş verir. 2013-cü ildə başına böyük daş parçası düşən 22 yaşlı gənc ölmüşdü. Hadisə iyulun 15-də Bakının Lermontov küçəsində qeydə alınmışdı. Hadisə zamanı Dövlət İdarəçilik Akademiyasının qarşısında yerləşən doqquzmərtəbəli binadan böyük daş parçası qoparaq aşağıdan keçən 1991-ci il təvəllüdlü R.Hüseynovun başına düşmüşdü. Komaya düşən gənc xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməmişdi.
Oxşar hadisə 2014-cü ildə də baş vermişdi. Heydər Əliyev prospektində sökülməkdə olan binanın uçması nəticəsində Bakı sakinləri – 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu ölmüşdülər. Ölənlər ərazidəki "Shevrolet Niva" maşınının içində olublar. Hadisə zamanı bu maşından əlavə daha 5 maşına ciddi zərər dəyib.
Son olaraq heç bir şərh vermədən paytaxt mərkəzində gedən bəzi tikinti və təmir zamanı təhlükəsizliyin necə qorunduğunu göstərmək istəyirik.
Admiral.az