Dünyada elə bir cərrahi müdaxilə növü yoxdur ki, o, Azərbaycanda icra olunmasın.Ölkəmizdə cərrahiyyə əməliyyatı nəticəsində ölüm göstəricisi MDB ölkələri arasında ən aşağıdır.Hər halda bunu Səhiyyə Nazirliyi deyir. Amma son illər Azərbaycan səhiyyəsində rast gəlinən nöqsanlar, uğursuz əməlliyyatlar bu sahədə səriştəsizliyin, məsuliyyətsizliyin olduğunu göstərir. Cərrahi əməliyyatların bütün halları riskli hesab olunur. İstənilən əməliyyata hazırlaşan xəstədə narahatlıq yaranır .Bu narahatlıq, qorxu, həyəcan bir qədər sonra əməliyyat masasına uzanacağını bilən insan üçün normal haldır.

Amma bəzən xəstə narahatlığının ağırlığı da əməliyyatı uğursuz edə bilir.Müşahidələr isə göstərir ki, bu gün ən sadə əməliyyatların icra olunmasında belə neqativ hallar baş verir ki, bunun da kökündə daha çox həkim səhvi və səriştəsizliyi dayanır. Əlbəttə ki, bunu hamıya aid etmək də olmaz...

Maraqlıdır, ən riskli hesab olunan əməliyyatlar hansılardır?

Unikal.org bildirir ki, Professor Adil Qeybulla "Cümhuriyət qəzetinə açıqlamasında deyib ki, cərahiyyə əməliyyatlarının hər biri bu gün konkret protokol üzrə müəyyənləşib. Yəni onların texniki həyata keçirilmə qaydaları təyin edilib:

"O ki, qaldı əməliyyatın risk təşkil etməsinə, əlbəttə, ürək əzələsində olan əməliyyatlar daha riskli sayılır. Dayandırılmış ürək üzərində aparılan əməliyyatlar daha ciddi və təhlükəli hesab olunur. Amma bütün bunlarla yanaşı xəstəliyin risk amilləri ilə bərabər faktorlar da var. Yanaşı və ağırlaşdırıcı xəstəliklərin olması, eləcə də həmin xəstəliyin konkret özünün ağırlaşmasının olması əməliyyat riskini yüksəldən amillərdir. Əməliyyat riski dedikdə bu faktorların hamısı nəzərə alınmalıdır.Təbii ki, 40 yaşlı şəxslə 60-70 yaşlı adamda eyni patologiya olanda, 70 yaşlı daha riskli sayılır.Məsələn, şəkərli diabeti olan xəstə yanaşı xəstəlikləri ilə daha riskli olur. Həddindən artıq çəki artıqlığı olan xəstə risk qrupuna aiddir. Xəstə gəlib öd yollarında əməliyyat etdirir. Amma onun ciddi ürək patologiyası var. Halbuki eyni yaşda, eyni riskdə olan xəstənin patologiyası yoxdursa, təhlükəsi aşağıdır.Faktorlar əsasən bu meyarlarla ölçülür.Ona görə də bu məsələyə konkret yox, kompleks yanaşılmalıdır.Risk həm də əməliyyatın son həcmi və əməliyyatın aparıldığı orqanın həyati-əhəmiyyəti ilə çox bağlıdır.Ürək, beyin, ağciyər üzərində aparılan əməliyyatlar daha riskli sayılır.Ümumiyyətlə, hər xəstəliyin riski özünün konkret dərəcəsindən, inkişafından asılı olaraq dəyişir.Nə qədər xəstəlik gecikirsə, o qədər risk artır.Bu səbəbdən hər bir həkim xəstəni klinik dəyərləndirməlidir. Konkret beynəlxalq protokollar üzrə onun risk dərəcəsini qeyd etməlidir. Hər bir xəstənin üzərində gedən cərrahiyyə əməliyyatı əsaslandırılmalıdır.

Qiyməti cərrahlar təyin etmir...

Azərbaycan Tibb Universitetinin torakal cərrahı Arif Ağayevin sözlərinə görə, üç ən mürəkkəb - ürək, beyin və ağciyər cərahiyyəsi var:

"Çünki üçü də həyati ən vacib orqanlardır. Qaraciyəri, böyrəyi, bağırsağı götürüb tullamaq olur.Bunların heç biri olmayanda insan yaşayır.Ümumiyyətlə isə bütün əməliyyatlar birmənalı olaraq risklidir.Yəni texniki baxımdan da çox mürəkkəb əməliyyatlardır.Mən iki ildir ki, Azərbaycandayam.Ayda təxminən 15 ağciyər əməliyyatı ediriksə, bu artıq kifayət qədər ciddi rəqəmdir. Biz ağciyər cərrahi mərkəzi deyilik.Bu mərkəz başqa yerdə olduğu üçün sadəcə, ambulator səviyyədə işləyirik.Bundan əlavə tanındığımız üçün xəstələr daha çox bizə müraciət edirlər.Əgər Ağciyər İnstitutu ay ərzində 15-20 cərrahiyyə əməliyyatı edirsə və biz də o sayda əməliyyat aparırıqsa, nəticə eynidir, demək bu geniş yayılmış bir problemdir.Bu gün ən geniş yayılmış xəstəliklərdən biri də ağciyər xərçəngidir.Xərçəngin cərrahi müalicəsi çox mürəkkəbdir.Yəni ürək əməliyyatında olduğu kimi, xəstənin bir ağciyəri söndürülür, tək ağciyərlə xəstə əməliyyat zamanı təmin edilir. Daha sonra ağciyər üzərində iş bitəndən sonra söndürülmüş ağciyərin biri aktivləşdirilir.


Ağciyər əməliyyatının qiymətinə gəlincə, həkim deyib ki, bu xəstəliyin ağırlığından və xəstəxanaların uyğunlaşdırdığı qiymətlərdən asılıdır:

"Qiyməti cərrahlar təyin eləmir. Xəstəxanada yatma müddəti, istifadə olunan tibbi ləvazimatlardan da bir qədər asılı olur.Hesab edək ki, bir steplerin rəsmi ağciyəri tikmək üçün 230 manatdan başlayırsa və hər əməliyyata 2-3 steplər istifadə olunursa, ciddi maddi məsrəflər ortaya çıxır.Bəzi steplər var ki, qiyməti 500 manatdır.Bu gün müasir tibblə məşğul oluruqsa, burda gərəkən texniki ləvazimatlar 1500-2000 manat civarında gəlir.Özəl klinikalar var ki, bir əməliyyat 6000 manata başa gəlir.Elə xəstəxanalar da var ki, əməliyyat qiyməti 2000-4000 manat arasında dəyişir.Əməliyyat müddəti xəstənin ağırlıq dərəcəsindən asılı olaraq 1 saat 20 dəqiqə, bəzən isə 6-8 saat da çəkə bilir.Məsələn, mən əməliyyat etmişəm, 9 saat yarım çəkib.Tək əməliyyat deyil, burada texniki nüanslara da zaman çox gedir.

10 milyon adambu xəstəlikdən ölür...

Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasının direktoru, Səhiyyə Nazirliyinin baş mütəxəssisi, ölkənin baş cərrahı, əməkdar həkim Hacıqulu Bağırov isə qeyd edib ki, əməliyyatların hamısı ciddi nəzərə alınır:

"Bu gün insanların qarşısında duran ən çox ürək-damar xəstəlikləridir ki, 10 milyon adam bu xəstəlikdən dünyasını dəyişir. Ankoloji və travmalar da spesifik sahələrdir. Konkret onu demək mümkün deyil ki, bu sahələrin hansı riskli hesab olunur, hansılar isə yox...Hər bir əməliyyatı icra etməmişdən əvvəl onu təyin edirlər ki, bu cərahiyyəyə göstəriş nədən ibarətdir.Sonra da əməliyyata götürüləcək insanın riskləri nəzərə alınır. Çox sadə bir əməliyyat, məsələn yırtıq əməliyyatı bəzən ciddi bir mürəkkəb halla üzləşə bilir. Yəni şəxs yırtıq problemi ilə daxil olub, eyni zamanda da ürək və ağciyərində narahatlıq var. Müvafiq şkalaya görə təyin edilir ki, bu çox sadə birəməliyatdır, amma risk dərəcəsi həddindən artıq yüksəkdir.Bu da ondan ibarətdir ki, xəstədə yanaşı gedən xəstəliklər var. Yəni bütün məsələlərin hamısı dəyərləndirmək şəklində icra olunur.Sadə dildə bu əməliyyat mürəkkəbdir, digəri isə sadədir, məsələyə bu şəkildə yanaşmaq olmaz.


Cərrahın fikrincə, orqanizmin bütünlükdə endogen mühitini dəyərləndirmək lazımdır ki, bu xəstədə hansı parametrlər yerindədir, hansılar yerində deyil:

"Hamısı həyati vacib orqanlardır. Təbii ki, 5-7 dəqiqə ağçiyər orqanizmə hava ötürməsə, adam öləcək. Yaxud kifayət qədər tənəffüs dayanmış olsa, insan qısa müddət ərzində dünyasını dəyişəcək.Bu nöqteyi- nəzərdən bu orqan ciddi orqan hesab olunur.Sizcə, qaraciyər, böyrək köçürülməsi mürəkkəb əməliyyatlar deyilmi?Hər bir əməliyyatın özünə müvafiq olan dəyərləndirilməsi var. Bu dəyərləndirmə xəstənin taleyini həll edir.

Geniş profilli xəstəlik...

Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə Şurasının üzvü, MNX-nin "Cərrahiyyə və orqan transplantasiyası bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib ki, insanın başına gələ biləcək ən böyük əməliyyat qaraciyərin transplantasiyasıdır.Təsəvvür edin ki, iki nəfər əməliyyat olunur.Biri donordur qaraciyərin təxminən yarı hissəsini verir.Qaraciyər çatışmazlığı olan insandan isə qaraciyər tamamilə çıxarılır və yerinə yeni bir orqan köçürülür. Bu əməliyyat həm müddətinə, həm miqyasına, həm də gələcəkdə ola biləcək təhlükələrə görə ən böyük əməliyyat qrupuna aiddir. Yəni cərrahiyyənin bundan üst əməliyyatı yoxdur.Xəstələr əməliyatdan sonra xüsusi dərmanlar alır və dərmanlara görə əməliyyat olunmuş xəstənin bütün müqavimət sistemi dəyişir.Beləliklə də yenidən müqavimət sistemi işə düşüb fəaliyyət göstərməyə başlayır.Ona görə də burada məsələ tək əməliyyatla bitmir, əməliyyatdan sonrakı müddətdə bu xəstələrin hər dönəm infeksion və ya digər xəstəliklərə yoluxma ehtimalı yüksək olur.

Cərrahın dediyinə görə böyrək köçürülməsi əməliyyatı ortalama 4 saat, qaraciyər köçürülməsi isə 6-8 saat sürür:

"Əməliyatlar texniki cəhətdən də mürəkkəb olduğu üçün bir-biri ilə fərqlənir və müddət uzanır. Təbii ki, xəstənin ağırlıq dərəcəsi, yaşı, çəkisi, bütün bunların hamısı əməliyyatın müddətinə təsir edən parametrlər sayılır.Yanaşı xəstəliklərin də olması bu məsələdə əlavə problem yaradır.Çünki orqan çatışmazlığı elə bir xəstəlikdir ki, burada yalnız və yalnız bir orqan sıradan çıxmış olmur.Tutaq ki, xəstənin qaraciyər çatışmazlığı varsa, mütləqdir ki, onda ikinci dərəcəli ürək, ağciyər və böyrək çatışmazlığı da var. Böyrək çatışmazlığı olan xəstələrdə də eynilədir.Bizim xəstə qrupu elə bir qrupdur ki, onlar tək orqan xəstəliyindən deyil, bütün üzvlərin və sistemi xəstəliklərindən əziyyət çəkənlərdir.Bunlara yanaşma da geniş profilli olmalıdır.Məsələn, böyrək çatışmazlığı olan xəstə ilə tək böyrək həkimi məşğul olmur.Onunla həm əməliyyat müddətində, həm də əməliyyatdan sonra qaraciyər, ürək, ağciyər, bir sözlə, bütün profillər məşğul olur.

Qaraciyər və böyrək transplantasiyasının qiymət məsələsinə gəlincə, həkim deyib ki, hər bir əməliyyatın rəsmi qiymətləri xəstəxana tərəfindən təyin edildiyindən, o məsələyə müdaxilə edə bilmirlər. Cərrah onu da əlavə edib ki, bu günə qədər 500-ə yaxın qaraciyər və böyrək köçürülməsi əməliyatları icra edilib:

"Onların içərisində statistik olaraq qadın-kişi cinsinə nəzərən yarı faizdir. Amma onların donorlarında nədənsə qadınlar nisbətən üstünlük təşkil edir. Bu da qadınların humanistliyindən irəli gəlir. Onların arasında ana və həyat yoldaşı olanlar çoxdur.Qadın ailə ocağının qorunmasında ən önəmli rol oynayır.Hər halda bu məsələdə də psixoloji bir təsir var. Qadınlar daha fədakardır.

Əməliyyatların "od püskürən məbləği...

Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanda əhalinin gəlirləri xəstəxanaların tələb etdiyi məbləğlə tərs-mütənasibdir. Klinikalarda icra olunan cərrahiyyə əməliyyatlarının "od püskürən qiymətləri əhali arasımda ciddi narazılıq yaradır. Özəl klinikalara gəlincə isə bu qiymətlər fantastik həddə çatır. Göz əməliyyatları 800-1000 manata, ürək-damar xəstəlikləri ilə bağlı cərrahi müdaxilə 8-12 min manata, qaraciyər transplantasiyası 55 min manata, ağçiyər əməliyyatı 2000-6000 manata, burun əməliyyatları üçün 2000-3000, prostat vəzin əməliyyatı üçün 700-800 manat tələb olunur. Bu gün ən geniş yayılmış xəstəliklərdən biri də babasil xəstəliyidir.Bir çox hallarda bu problemi əməliyyatla aradan qaldırırlar.Adi cərrahi əməliyyat 500 manata, lazer üsulu ilə həyata keçirildikdə isə bu əməliyyat 700- 800 manata başa gəlir.