Quba rayonunda 4 yaşlı uşağın ölümündə qonşu qadın günahkar bilinib.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə uşağın ölümündə təqsirləndirilən Lalə İsrafilovanın vəkili Əli Hüseynov məlumat verib.
Vəkil bildirib ki, hadisə 2017-ci il may ayının 9-da Quba rayonunun Bərqov kəndində baş verib.
Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub. Azyaşlı həyətdəki gülləri yolarkən L.İsrafilova bunu görüb və həyətdən çıxmasını istəyib. Qadının onu qovmasına baxmayan uşaq hərəkətlərini davam etdirib. Bu zaman L.İsrafilova uşağı qovub. F.Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
Vəkil bildirib ki, faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb: "Hadisədən 6 ay keçəndən sonra rayon porkurorluğunun baş müstəntiqi Ruslan Əhədov Lalə İsrafilovanı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edib. Müstəntiq qadına qarşı əsassız ittihamlar irəli sürüb. Əslində, Lalə İsrafilova ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirləndirilməlidir. Müstəntiq 2 uşaq anasını ağır maddə ilə ittiham edir. Müstəntiq ittiham aktında göstərib ki, guya qadın uşağı qovub, onu şillələyib və başını daşa vurub bilərəkdən öldürüb".
Ə.Hüseynov bildirib ki, hazırda iş üzrə istintaq davam etsə də, müstəntiq cinayət işindəki maddəni səhlənkarlıqdan adam öldürmə maddəsinə tövsif etmək istəmir.