Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçdığı deyilən və sonra xüsusi əməliyyat zamanı öldürülən "Qoca" ləqəbli Etibar Məmmədov haqda şok xəbər var.

Bildirilir ki, "Qoca və onunla birgə olan Əli Ağami ümumiyyətlə, həmin gün məhbusları Lənkərandan Bakıya gətirən qatarda olmayıblar. İddia olunur ki, "Qoca Bakıdan məhkəməsinin keçirildiyi Lənkəran şəhərinə məhkumlar üçün nəzərdə tutulmuş xüsusi qatarda deyil, şəxsi avtomobildə gedib. Lənkəranda məhkəmə bitdikdən sonra da o və Ə.Ağami Bakıya şəxsi avtomobildə qayıdırmış. Mənbə deyib ki, razılaşmaya əsasən də onlar qatara Bakıya çatmamış - Biləcəridə minməli imişlər. Amma onlar vəd edilən vaxt gəlib çıxmayıblar. Sonra isə onların qaçdıqları məlum olub. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Unikal.org xəbər verir ki, avtoritetlərin xüsusi tipli vaqondan qaçmasına görə Günay Atakişiyeva və Fədaya Laçın tutulub. İddia olunurdu ki, G.Atakişiyeva əvvəlcədən Astaraya gedib və orada məhkumların gətirildiyi qatara minib. Daha sonra o, nəzarətçilərlə əvvəlcədən razılaşdırıldığı kimi, xüsusi təyinatlı vaqona keçərək "Qocanın yanına girib. Şirvan şəhərinə qədər onunla birlikdə gəlib və orada qatardan düşüb. Bu vaxt ərzində isə o, avtoritetlərin qaçması üçün lazım olan xüsusi açarı "Qocaya verə bilib.

Etibar Məmmədov və Əli Ağami isə Bakı yaxınlığında həmin açar vasitəsilə xüsusi təyinatlı vaqondan çıxmağa müvəffəq olublar. Qeyd edək ki, bu günədək qaçışın necə baş verdiyi haqda rəsmi bilgi yoxdur.

Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov (Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur), qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanova qarşı yeni ittiham irəli sürülüb.

Onlar Cinayət Məcəlləsinin 311.3.2 (Rüşvət alma, təkrar törədildikdə) maddəsi ilə də təqsirli bilinirlər. Onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

F.Laçının vəkili Türkel Süleymanlı modern.az-a son müsahibəsində diqqətçəkən bir fikir işlədib. O, "tam əminliklə deyə bilərəm ki, bu işdə Fədayə xanımın heç bir günahı yoxdur. Vaxt gələndə əhvalatın (yəqin ki, qaçışı nəzərdə tutur-musavat.com ) necə və hansı şəraitdə baş verdiyini açıqlayacağıq deyib. Vəkil deyib ki, bu iş üzrə 16 nəfər istintaqa cəlb edilib ki, bu da iş üzrə yeni xəbər sayıla bilər. Çünki ictimaiyyətə yalnız 6-7 şəxsin adı məlumdur...

İddia ilə bağlı Penitensiar Xidmətin mövqeyini dərc etməyə hazırıq.

Musavat.com