Xəbər verdiyimiz kimi, noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində oldu, yaradılan şəraitlə maraqlanıb.
Pakizə MƏMMƏDOVA: Xoş gəlmisiniz.
Prezident İlham ƏLİYEV: Sizi təbrik edirəm.
Pakizə MƏMMƏDOVA: Çox sağ olun. Bizə belə bir şərait yaratdığınıza görə çox minnətdaram.
Prezident İlham ƏLİYEV: Şərait necədir, xoşunuza gəlir?
Pakizə MƏMMƏDOVA: Çox xoşumuza gəlir. Gələndə buralara baxdım, heç gözümə inanmadım. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. O, yerində belə davamçı qoyub. Allah-Təala Sizi həmişə uca eləsin, bayrağımızı Xankəndidə, Şuşada, Kəlbəcərdə yüksəltsin. Mehriban xanımla bərabər başınızın üstündən heç vaxt yaman yellər əsməsin. O da əlil uşaqlara, böyüklərə şərait yaradır, bizim üçün əziyyət çəkir, çox sağ olsun. Allah Sizə də, ona da uzun ömür versin. Allah həmişə Sizdən razı olsun. Xalqın, köçkünlərin qeydinə qaldığınıza görə çox sağ olun.
Prezident İlham ƏLİYEV: İndi yeni, çox gözəl, yaraşıqlı mənziliniz var. Burada rahat yaşamaq olar.
Pakizə MƏMMƏDOVA: Çox gözəldir, çox yaxşıdır. Allah Sizə həmişə ömür versin.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.