Xəbər verdiyimiz kimi, ABŞ prezidentinin baş müşaviri və ölkə başçısının qızı İvanka Tramp nümayəndəsi olduğu Qlobal Sahibkarlıq Sammitində 15 yaşlı azərbaycanlı qızın uğurlarından danışıb. Hələ gənc olmasına baxmayaraq Reyhan Camalovanın böyük işlər gördüyünü vurğulayan prezident qızı çıxışına "sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır sözlərini də əlavə edib. Reyhan yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunu yaradıb.
Reyhan Camalovanın həkim atası Rauf Camalov Unikal.org-a qızının uğurlarından danışıb:
"Reyhana anamın adını qoymuşam. O, kiçik yaşlarından qeyri-adi uşaq idi. Dərslərini çox yaxşı oxuyur, bu tip layihələrə çox maraq göstərirdi. Çalşırdıq bir yerdə layihələri müzakirə edək. Mən onu daha çox həvəsləndirirdim. Reyhan hansısa işə yapışsa, o işin sonunadək gedəcək. O, heç vaxt yorulmaq bilmir. Gecələr də yatmaz və işini davam etdirər.
Rauf Camalov övladının təhsili və elimi inkişafı üçün bundan sonra da bir ata kimi nə bacarırsa onu da edəcəyini deyib:
"Biz Reyhanın bütün işlərini dəstəkləyirik. 6-cı sinifə kimi Qubada 2 saylı məktəbdə təhsil alıb və bundan sonra imtahanla Bakıda pulsuz litseyə qəbul olundu. Burada da çox güclü təhsil verilir. Biz övladımızın uğrunu gözləyirdik. Amma bu dərəcədə olduğunu bilmirdik. Mən bu dəqiqə çox həyacanlıyam. Dostla-tanışlar məni təbrik edirlər. Reyhanın uğurları Azərbaycanın adınadır. Yəni, biz dövlət başçısına da can sağlığı arzulayırıq ki, ölkədə təhsilin inkişafı üçün əlindən gələni edir. Reyhan gələcəkdə də Azərbaycan xalqına layiqli bir övlad olacaq.
R.Camalov "Övladınıza ABŞ-da təhsil almaq üçün təklif gələrsə icazə verərsinizmi?! sualına isə belə cavab verib:
"Vallah, nə deyim. Əgər övladım ABŞ-da təhsil almaq istəyərsə buna yox demərik. Qızımın təhsili üçün hər şeyə razı olaram. Yetər ki, Vətənə, Millətə xeyirli övlad olsun.