Azərbaycan Dövlət İqtisad Universitetinin rus dili kafedrasının müdiri qanuna zidd olaraq müəllimləri tam ştatdan yarımştata keçirib, hazırda isə tamamilə tədrisdən uzaqlaşdırmaq niyyətindədir. Kafedra müdiri illərdir dərs saatları bölgüsünü öz maraq mənbəyinə çevirir, bu ildən isə universitetdə differensial əməkhaqqı adı altında müəllimləri elə bir siyahıya düzüblər ki, nəticə etibarı ilə kafedrada еlmi dərəcəsi olan və mütəxəssis müəllimlər siyahıda ən axırıncı yerlərdədir.
Unikal.org qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri Dövlət İqtisad Universitetinin rus dili kafedrasının müəllimi Zərifə Mansurova deyib. O, universitetdə tətbiq olunan differensial sistemin sadəcə kafedra müdirləri və onların ətrafının maraqlarına xidmət etdiyini bildirib:
"Mən tam ştatlı müəllim idim. Uzun müddət cəmisi 280 manat maaş almışam. Təzə rektor Ədalət Muradov gələn ərəfədə maaşlarımız artırılmışdı, biz də fikirləşdik ki, heç olmasa 400-500 manat ala bilərik. Amma maaşlarımız elə təzəcə qalxmışdı ki, rektorun əmri ilə bütün müəllimlər yarımştata keçirildi. Təzədən yenə maaşımız 315 manat oldu. Bu pulla da heç universitetə gedib-gəlmək mümkün deyil. Bundan sonra elan edildi ki, universitetdə differensial əməkhaqqı sistemi yaradılacaq və həmin sıralamada da hansı müəllim ilk 100-lüyə düşəcəksə, onların maaşı artırılacaq. Biz də fikirləşdik ki, həqiqətən bu sistemlə maaşımızı artıra bilərik. Amma sonradan məlum oldu ki, burada ilk yüzlüyə düşmək sıravi müəllim üçün qeyri-mümkündür. Belə ki, differensial sistemdə ilk yüzlüyə düşmək üçün dekanlar, kafedra müdirləri, şöbə müdirləri bütün günü reytinq uğrunda mübarizə aparırlar. Dərs qalıb bir kənarda hamısı kursda, orda-burdadırlar ki, "necə edim, reytinq siyahısında ilk yüzlüyə düşüm. Amma dediyim kimi, biz sıravi müəllimlərik. Maaşımız da xaricə, kurslara, digər yerlərə getməyə çatmır. Həm də ki, dərsimizi kənara atıb hara gedə bilərik axı?
Onlar 1500-2000 manat maaş alırlar, amma adi müəllim bütün günü sinifdə əziyyət çəkir, aldığı isə 315 manatdır. Təzə rektor gələndən sonra dekanlara tapşırıq verib ki, rüşvət almayın. Buna görə də 2000 manatdan dekanların, 1500 manatdan kafedra müdirlərinin, 1200-1700 manatdan da dekan müavinlərinin maaşına əlavə yazılır.
Differensial sistem sadəcə dekanlara, kafedra müdirlərinə, bir də onların ətraflarının maraqlarına xidmət edir. Sistemdə axırıncı gələn müəllimlər isə ixtisar edilir. Kafedra müdiri dili ilə deyir ki, mən bura öz komandamı yığıram. Məgər, bura cəbhədir ki, hər kəs öz komandasını yığsın?! Mən 1980-ci ildən bu universitetdə işləyirəm. 36 illik iş stajım var, pensiya yaşıma da 4-5 il qalıb, indi məni pedaqoji fəaliyyətimdən ayırmaq istəyirlər.
Həmin bu "Reytinq" siyahısı universitetin və tədrisin marağına zidd olmaqla yanaşı, kafedra müdirinin arzularının yerinə yetirilməsi üçün saxtakarlıqla tərtib edilib. Nəticədə mütəxəssis müəllimlər tərcümə mərkəzinə göndərilir, tərcüməçilər isə müəllim kimi saxlanılır. İqtisad Universitetinə vacib olan rus dilinin tədrisi üçün ayrılan saatlar azaldılır. Xahiş edirəm, kafedra müdirinin müəllimlərin dərs saatlarını alver mənbəyinə çevirmək üçün hazırladığı "Reytinq" siyahısının mahiyyətinin, məzmununun, hansı göstəricilərə əsaslandığının yoxlanması üçün komissiya və ekspertiza təyin edilsin, dərs saatlarının itirilməsinə dair cinayət işi qaldırılaraq günahkarlar cəzalansın, bizim tam ştat dərslərimizin qaytarılması təmin olunsun.
Zərifə Mansurova məsələ ilə bağlı ölkə başçısına da müraciət ünvanlayıb:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə,
Surəti Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Arif qızı Əliyevaya,
Surəti Azərbaycan Dövlət İqtisad Universitetinin Rektoru Ədalət Cəlal oğlu Muradova
Müraciətdə deyilir:
"Hörmətli Cənab Prezident!
Bildirirəm ki, Sizə ünvanlandırdığım müraciət tədbir görülməsi üçün Təhsil Nazirliyinə tapşırıldığına baxmayaraq göstərdiyim qanunsuzluqlar onlar tərəfindən yoxlanılmadan ümümi qaydada cavablandırılmışdır (surəti əlavə olunur).
Azərbaycan Dövlət İqtisad Universitetində yaranan acınacaqlı vəziyyət barədə həm də informasiya xarakteri daşıyan sizə növbəti müraciətimin səbəbi rus dili kafedrasının müdiri Rzayeva Gülnarə Namiq qızı, tədris və təlim texnologiyaları üzrə prorektor Bağırov Damət Abbas oğlu və İnsan Resursları şöbəsinin müdiri Qəhrəmanov Nizami Əmir oğlunun (ixtisasca hüquqşunas olmadığı üçün bu kimi səhvlərə yol verib, tərcüməçi olan müəllim vəzifəsinə işə götürülüb, müəllim isə tərcüməçi işinə təyin edilir) birgə guya ki, prosedur qaydalarını yerinə yetirdikləri "Böyük kələk layihəsi"ndən xəbərdar etməkdi. Belə ki, onlar müəllim və işçilərə universitet daxili daimi iş yerlərini müvəqqəti iş yeri ilə əvəzləməkləri barədə ərizə imzalatmağa çalışırlar. Məqsəd isə həmin daimi iş yerlərini azad etməklə yeni vakant yerlər ayırmaq və yeni işçi götürmək üçün rəhbərliyə (yəni özlərinə) şərait yaratmaqdır. Hal hazırda işçilərə bu üsul artıq tətbiq olunub, mənə isə zəng vuraraq həmin ərizəni yazmağa məcbur edirlər, əks halda işdən çıxarılmaqla hədələyirlər.
Xahiş edirəm mənə köməklik edəsiniz, çünki onlar 1980-ci il avqust ayının 15-dən bu günədək fasiləsiz pedaqoji fəaliyyətimi dayandırmaq istəyindədirlər. Əks halda kafedrada "reytinq" adı altında dərs saatları bölgüsünü alver mənbəyinə çevirməyə yüksək professionallıqla davam ediləcək, qalan dərs saatları gizlədiləcək və biz də rəhbər vəzifədə olanların növbəti dələduzluq addımının qurbanına çevriləcəyik. Sizə böyük inamla və ümidlə müraciət edən rus dili kafedrasının müəllimi Zərifə xanım Yaqub qızı Mansurova.
Aldığımız ən son məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov prezidentə müraciət edən Zərifə Mansurovanın işdən çıxarılması ilə bağlı əmr verib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universiteti ilə əlaqə saxladıq. Yazılı şəkildə sorğu göndərməyimizi istədilər və 5 iş günü ərzində cavab verəcəklərini bildirdilər. Arıq sorğu göstərilən email ünvanına göndərilib. Cavab redaksiyamıza təqdim olunandan sonra oxuculara məlumat veriləcək.