Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
DİM-dən unikal.org-a verilən məlumata görə, iclasda dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi, dövlət qulluqçularının maarifləndirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması sahəsində görülən işlər, eləcə də Avropa İttifaqının TAIEX layihəsi çərçivəsində DİM tərəfindən həyata keçirilən imtahanlarda "e-markinq sisteminin tətbiqi ilə bağlı ekspert missiyasının yekun hesabatı və digər cari məsələlər müzakirə edilib.
Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi işinin davamlı olaraq aparıldığını qeyd edən Şuranın sədri Məleykə Abbaszadə bildirib ki, bir ildən artıq müddət idi ki, bir çox hüquqi məsələlər öz həllini tapmadığına görə biz dövlət qulluğuna müsabiqə yolu ilə qəbul imtahanı keçirə bilmirdik. Hazırda hüquqi müstəvidə məsələlərin çoxu həll olunub və Mərkəz bu imtahanların keçirilməsinə başlayıb.
Belə ki, 18 noyabrda dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə keçirilən test imtahanında 90 namizəd imtahanda iştirak edib, onlardan 13 nəfər tələb olunan keçid balını toplayaraq uğur qazanıb.
Dekabrın 17-də isə inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
Bu sahədə aparılan işlərin nəticəsi olaraq, DİM-in təklifi əsasında, "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydasında dəyişikliklər edilib. Dəyşikliklərdən biri də ondan ibarətdir ki, ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul aparılmayacaq. Yəni, dövlət orqanlarında yardımçı kargüzarlıq (katibə, kargüzar) və yardımçı texniki vəzifələr (sürücü, liftçi) üzrə qəbul test imtahanlarına əsasında aparılmayacaq.
Dövlət qulluqçularının maarifləndirilməsi işinin təşkili ilə bağlı məlumat verən sədr qeyd edib ki, bu sahədə Mərkəz tərəfindən "Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi, "Dövlət qulluğunda etik məsələlər üzrə təlimçilər üçün təlim, "Dövlət qulluğunda etika, "Korrupsiyaya qarşı mübarizə "Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi mövzularını əhatə edən təlimlər təşkil edilmişdir və bu təlimlərin hər birində 100-ə yaxın dövlət qulluqçusu iştirak edib.
İclasda dövlət orqanlarında dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti ilə bağlı aparılan araşdırmanın nəticələri ilə bağlı vurğulanıb ki, bəzi dövlət orqanlarında vakant vəzifə olduğu halda həmin vəzifələrin tutulması barədə müvafiq qərar qəbul edilməməsi və bu barədə Mərkəzə məlumat verilməməsi halları mövcuddur. Həmin dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərilib.
İclasda Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq alətlərindən biri - TAIEX layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan "DİM tərəfindən həyata keçirilən imtahanlarda "e-markinq sisteminin tətbiqi ilə bağlı ekspert missiyasının yekun hesabatına toxunan sədr bildirmişdir ki, hesabatda DİM-in imtahanlarda tətbiq etdiyi "e-markinq sisteminin bir çox müsbət cəhətləri xüsusi vurğulanıb və DİM-in olduqca yaxşı təşkilatlanmış qurum olduğu, fəaliyyət göstərdiyi 25 il ərzində müvafiq sahə üzrə kifayət qədər geniş həcmli işlərin həyata keçirildiyi, təhsilin müxtəlif pillələrinə qəbulun, o cümlədən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.
Görüşdə digər cari məsələlər də müzakirə olunub.