Azərbaycanda həbsdən qaçan kriminal aləm üzvləri - "Qoca ləqəbli Etibar Məmmədov və Əli Ağaminin məhkəmədə bir-birilərinin əleyhinə ifadə verdikləri üzə çıxıb.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, hər iki şəxsin adam öldürməkdə təqsirləndirildikləri cinayət işinin ittiham aktına istinadən xəbər verir ki, adıçəkilən şəxslər istintaq zamanı bir, məhkəmədə isə başqa ifadə verib.
Əli Ağami həbs olunan zaman ilkin ifadəsində "Kritiy Elvin kimi tanınan 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlunu odlu silahla qətlə yetirdiyini deyib.
Lakin o, 3 ay sonra istintaqda ifadəsini dəyişərək, hadisənin "Qoca ləqəbli Etibar Məmmədov tərəfindən törədildiyini iddia edib: "Hadisə baş verən zaman "Qoca ilə söhbətimiz oldu. Etibar dedi ki, işi mən üstümə götürüm. Onun 1-2 aylıq işi var. Onları həll edib, gəlib təslim olacaq və həqiqətləri açacaq. Mən onun sözünə inandım. Etibar Hacıqabulda və digər ətraf rayonlarda tanınmış adam idi. Dediyi kimi elədim, gözlədim ki, gəlib özü hər şeyi etiraf edər. 1 ay keçdi, 2 ay keçdi, 3 ay keçdi, artıq anladım ki, "Qoca gəlməyəcək. Onda bildim ki, Etibar aradan çıxıb, bütün cinayət də mənim üstümə qalıb. Ona görə həqiqətləri açdım. Hadisə çayxanada oldu. Biz içəri girəndə Zaur Sarıbalayev qabaqda gedirdi. Zaur Elvini vurmaq istəyirdi. Lakin Elvin Zaurdan cəld tərpənib onu güllələdi. Etibar da dərhal Elvini vurdu. Hadisə bu cür olub. Daha sonra kafedə kimlər olub, hamısını həbs elədilər. Mənim bu işdə heç bir günahım yoxdur. Hadisənin bu cür olacağını bilmirdim. Rusiyada yaşayırdım. Uşağımın ad gününə görə Şirvana gəlmişdim. Zəng gəldi, uşaqlarla görüşməyə getdim.
Əli Ağami hadisənin səbəbi barədə də danışıb: "Sonradan bildim ki, "Qoca ilə "Kritiy Elvin arasında illərdir davam edən münaqişə olub. Hadisədən bir müddət əvvəl Elvin kafedə oturan zaman 3-4 nəfər həmin kafedə olub. Onlar söyüşlə danışan zaman Elvin onlara sakit olmalarını və söyüş söyməmələrini deyib. Onlar isə bu iradlara məhəl qoymayaraq, "Qocanın adamlarıyıq, sən bizə irad bildirə bilməzsən deyiblər. Bu zaman Elvin özündən çıxaraq, həm onlara, həm də "Qocaın ünvanına söyüş söyüb. Bu söhbət "Qocaya çatıb. Tərəflər arasında "razborka qızışıb. "Qoca Elvindən sözünü geri götürməsini və üzr istəməsini tələb edib. Lakin Elvin geri çəkilməyib. Sözündən geri dönməyib. .
"Qoca" ləqəbli Etibar Məmmədov Əli Ağaminin istintaqa verdiyi bu ifadələrdən sonra həbs edilib.
Etibar Məmmədov tutulanda da, məhkəmə zamanı da hadisənin onun tərəfindən törədilmədiyini deyib: "Mən həmin gün hadisə olan kafedə olmamışam. Elvin Nəziyevlə aramızda heç bir münaqişə olmayıb. Hadisəyə nə səbəb olub, bilmirəm. Orda olan adamların heç birini tanımıram. Mənim barəmdə heç kim söyüş söyməyib. Əgər Elvin mənə qarşı nalayiq ifadə işlətsəydi, mən gedib bunun cavabını verərdim.
Əli Ağami və Etibar Məmmədov istər məhkəmədə də, istərsə də istintaqda dəfələrlə üzləşdirilib. Üzləşmə zamanı da Əli Ağami Elvin Nəziyevin Etibar Məmmədov tərəfindən qətlə yetirildiyini deyib. Lakin Etibar Məmmədov Əli Ağaminin yalan danışdığını, hadisə vaxtı orda olmadığını bildirib.
Qeyd edək ki, hadisə 2015-ci il noyabrın 5-də gecə saat 23.00 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə kriminal aləm üzvlərinin mübahisəsi zəminində baş verib.
"Makarov tipli silahdan açılan atəş nəticəsində Şirvan sakinləri - əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Zaur Vəfadar oğlu Sarıbalayev və 1983-cü il təvəllüdlü, kriminal aləmdə "Krıtı Elvin kimi tanınan Elvin Zamanəli oğlu Nəziyev qətlə yetirilib.
Birinci şəxs hadisə yerində, sonuncu şəxs isə Şirvan şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Hadisə bağlı Əli Ağami, Məhəmməd Heydərov, Tahir Məlikov və Əfsər İbrahimov saxlanılıb.
İstintaq dövründə Etibar Məmmədov (Qoca) da həbs edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami 19 il, Məhəmməd Heydərov ( Maqa Hacıqabullu )18 il, Tahir Məlikov (Marojna) 18 il, Əfsər İbrahimov 18 il azadlıqdan məhrumetmə cəzası alıb. Təqsirləndirilənlərin hər biri cəzasını ciddi rejimli həbsxanada çəkəcək.
Etibar Məmmədov və Əli Ağami oktyabrın 23-də Lənkərandan Bakıya - məhkəməyə gətirilərkən xüsusi təyinatlı vaqondan qaçıb. Hadisədən bir neçə gün sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə noyabrın 2-də hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb.
Hazırda Ə.Ağaminin həbsdən qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir.