Ölkədə bəzi qida və qeyri-ərzaq məhsullarının bahalaşması kəskin xarakter daşımayacaq.
Unikal.org xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov yeni devalvasiyanın olmaması və dolların məzənnəsinin aşağı düşməsinə baxmayaraq, son həftələrdə Azərbaycanda ticarət obyektlərində bəzi ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin qalxmasının səbəblərini şərh edərkən deyib.



İqtisadçının fikrincə, əvvəla, ölkədə istehlak bazarında vəziyyəti - qiymətlər üzrə indeks səviyyəsini bilavasitə manatın kursu ilə əlaqələndirmək düzgün deyil. Düzdür, devalvasiya da idxal məhsullarının bahalaşması ilə nəticələnir və bu, qaçılmaz xaraktrer daşıyır. Lakin hər şeyi öncə, tələblə təklifin nisbəti müəyyən edir: "Məhsulun qiyməti necə gəldi yüksələ bilməz. Bunu qarşılayacaq alıcılıq qabiliyyəti də olmalıdır. Əks təqdirdə, həmin məhsul nə qədər çox kütləvi tələbat xarakteri daşısa da, piştaxta üzərində qalmalı olacaq. Məsələn, dünən satış salonlarında 40-50 min manat civarında olan bəzi avtomobillər bu gün 100 min manata olub. Halbuki, əvvəl 100 minlik avtomobil deyəndə, ən komfortlu - məşhur brendlərə məxsus avtomobillər nəzərdə tutulurdu. Təbii ki, artıq bunları alan olmayacaq".



O ki qaldı son 1 ayda mağazalarda qida və qeyri-ərzaq məhsullarının qiymətlərinin qalxmasına, ekspert qeyd edib ki, rəsmi göstəricilərə görə, burada guya bahalaşma yox, ucuzlaşma baş verib: "2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 %, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 20,5 % ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,1 % bahalaşıb. 2016-cı ilin mart ayında isə fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,4 % ucuzlaşıb".



Lakin P.Heydərov hesab edir ki, burada devalvasiyanın da təsiri var, ancaq bu, dolayıdır. Yəni burada söhbət devalvasiyanın təsirinin hələ davam etməkdə olmasından gedir: "Şərt o deyil ki, növbəti dəfə də devalvasiya baş versin. Sadəcə olaraq, ilkin mərhələdə dalğanın dağıdıcı olmasının qarşısı alındı. Amma təbii təsirlər getdikcə yerini tutur və tutacaq da. Belə ki, devalvasiyanın təsiri məhsulların maya dəyərlərində hələ tam oturmayıb. Odur ki, vaxt keçdikcə bunun nəticələrini görəcəyik. Hələ qarşıdan kənd təsərrüfatı məhsullarının əkin və biçin dövrü gəlir. Pərakəndə satış qiymətləri əvvəlki səviyyədə ola bilərmi? Sözsüz ki, yox. Əsas odur ki, bahalaşma kəskin xarakter daşımayacaq. Çünki daxili istehlak bazarı ciddi nəzarət altındadır və bir çox mövcud tendensiyalar tədricən yerli istehsalın artması və genişlənməsi üçün şərait yaradır".