Yeni ailə quran gənc qıza qarşı dəhşətli işgəncə verməkdə ittiham olunan Şəki şəhər sakinləri - 1990-cı il təvəllüdlü Vazeh Musayev və onun anası, 1960-cı il təvəllüdlü Aybəniz Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, Vazeh Musayev mütəmadi olaraq həyat yoldaşı Tünzalə Musayevanı döymək və digər zorakı hərəkətlər etmək məqsədilə anası Aybəniz Musayeva ilə əlbir olub.
Bir ilin gəlininə dəhşətli işgəncə
Vazeh Musayev 25 dekabr 2015-ci il tarixdə, saat 18 radələrində Şəki rayonunun Bideyiz kəndində yaşadıqları evdə ailə məişət zəminində aralarında baş vermiş mübahisə zamanı maşa ilə arvadı Tünzalə Musayevanın sağ gözünə, yumruqla başına, bədəninin müxtəlif nahiyələrinə, həmçinin təpiklə bədəninin müxtəlif yerlərinə vurub. Bununla da o, arvadına müxtəlif dərəcəli xəsarətlər yetirib.
Vazeh ertəsi gün, saat 08-də yenidən arvadı ilə mübahisə edib. Mübahisə zamanı arvadının başına və sifət nahiyəsinə qəsdən vuraraq, ona xəsarət yetirib.
Vazeh Musayev növbəti dəfə arvadına dekabrın 27-də işgəncə verib. O, anası ilə birləşərək, arvadına qarşı zorakı əməllər törədib.
Ana və oğulun cinayət işi
Vazeh Musayevin 5 yanvar 2016-cı il tarixdə, saat 13-də yaşadığı evdə arvadı Tünzalə ilə növbəti mübahisəsi yaranıb. Mübahisə zamanı Vazeh arvadını yumruq və şillə ilə vurub. Vazeh Tünzaləyə güc göstərərək, ona psixi iztirablar verib. Bu işgəncələrdə və döyülmə hadisələrində Vazehin anası Aybəniz də ona köməklik göstərib.
Vazeh Musayev və Aybəniz Musayeva Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) maddəsi ilə ittiham edilib. Onların cinayət işi Şəki rayon Məhkəməsində araşdırılıb.
"Təklif etdim ki, məni həkimə aparsın
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Tünzalə Musayeva bildirib ki, 7 aperal 2014-cü il tarixdə Bideyiz kənd sakini Vazeh Musayevlə ailə həyatı qurub və nikahlarından bir qız övladları olub: "Toy gecəsindən sonra qayınanam bakirə olmadığımı bəhanə edərək mənə şər atıb, evdə söz-söhbət yaradıb. Həmin vaxtı bakirə olmağımı sübüt etmək üçün qayınanama təklif etdim ki, məni həkimə aparsın. Əgər toy gecəsi bakirə olmamışdımsa, sakitcə çıxıb evimizə gedəcəkdim. Əgər bakirə olduğum təsdiqlənərsə, ondan polisə şikayət edəcəkdim. Bundan sonra bir müddət evdə bu söz-söhbətə son qoyuldu.
"Məni təzyiq altında saxlayıblar
Zərərçəkmişin sözlərinə görə, sonradan qayınanası və baldızı bu məsələni qabardaraq daima onun toy gecəsi bakirə çıxmadığını bildiriblər: "Onlar məni təhqir ediblər, hər an evdə təzyiq altında saxlayıblar. Həmin məsələni daima xatırlatmaqla, mənə əzab-əziyyət veriblər. Gəlin olduğu dövrdə qeyd edilən məsələ ilə bağlı ailə üzvlərim, xüsusilə qayınanam və Vazehlə aramızda daima söz-söhbətlər, dava-dalaşlar olub. Təxminən 20 gün sonra Vazeh məni Bakı şəhərində olan evimizə apardı. Birlikdə orada yaşamışıq.
"Qayınanam və baldızımdan polisə şikayət etdim
Tünzalə Musayeva qeyd edib ki, Bakıda yaşadıqları müddətdə qayınanası və baldızı tərəfindən döyülüb: "2015-ci ilin martın 2-də qayınanam və baldızım məni döydükləri üçün onlardan Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə şikayət etdim. Sonradan ərizəm əsasında qayınanam və baldızım barədə cinayət işi başlanaraq məhkəməyə göndərildi. Bundan sonra Vazeh məni Şəki rayonunun Bideyiz kəndində yaşadığımız evə gətirdi. Həmin vaxtdan Vazehlə birlikdə yaşamışam.
"Qayınanam anamın və bacımın pozğun olduğunu dedi
Zərərçəkmiş bildirib ki, sentyabrın 9-da ailə-məişət zəminində aralarında baş vermiş mübahisə zamanı Vazeh yaşadıqları evdə onu döydüyü üçün Şəki rayon polis şöbəsinə ərizə ilə müraciət edib: "Sonradan ərizəm əsasında başlanmış araşdırma dövründə Vazehlə barışdım. Dekabrın 25-də, saat 18-də qayınanam Aybəniz, qayınatam Valeh və ərim Vazehlə birlikdə evdə olmuşuq. Bu zaman qayınanam mənim, anamın və bacımın pozğun olduğunu dedi. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı qayınanam odun sobasının yanında olan maşanı götürərək sağ gözümdən vurdu. Bundan sonra Vazeh də yumruqla başıma və bədənimin müxtəlif nahiyələrinə vurduğu üçün ağrıdan yerə yıxıldım. Sonra qayınanam yemək bişirdiyimiz qazanla başıma vurdu.
"Qayınatam dedi ki, ölsən də, burada öləcəksən
Zərərçəkmişin ifadəsinə görə, bundan sonra uşağını götürərək evdən getmək istəyib: "Bu zaman Vazeh uşağı aparmağa qoymadı. Uşağı mənə vermək istəməyəndə, Vazeh anasının çarpayının üstünə atdığı maşanı götürərək sağ gözümdən vurdu. Yerə yıxılan zaman qayınatam Valeh yaxınlaşaraq qolumdan tutdu və məni qaldırdı. Qayınanatam məni öz otağıma apardı. Orada qayınatam mənə dedi ki, ölsən də, burada öləcəksən. Sonra qayınatam qapını çöldən bağlayıb getdi. Bir neçə dəqiqədən sonra Vazeh yanıma gəldi. Mənə dedi ki, sən şikayət etsən də, bizə heç kim bata bilməz. Mən isə ondan şikayət edəcəyimi bildirdim. Bu zaman Vazeh yumruq və şillə ilə bir neçə dəfə başıma vurdu. Həmin vaxt səsə qayınanam Aybəniz və qayınatam Valeh gəldi. Qayınanam mənim evdə olan pulu və qızılları götürməyimdən ehtiyat edərək, yataq otağında saxladığı 2000 manat pulu və mənə toyda verdikləri qızılları götürərək otaqdan çıxdı.
"Məni və azyaşlı uşağımı soyuqda saxladılar
Tünzalə Musayeva qeyd edib ki, səhəri gün, saat 08-də uşağının paltarlarını yığışdırıb və övladını da götürərək həyətə düşüb: "Məqsədim atam evinə getmək olub. Bu zaman qayınatam qolumdan tutaraq məni saxladı. Həmin vaxt səsə Vazeh və qayınanam evdən həyətə çıxdılar. Valeh qolumdan tutduğu üçün Vazeh yumruqla başıma və sifət nahiyəmə, qayınanam isə həmin vaxt odun parçası ilə kürək nahiyəmə vurdu. Atam evinə getməyimə qoymadıqları üçün öz otağıma qayıtdım. Həmin gün məni və azyaşlı uşağımı günortaya qədər çöldə soyuq havada saxladılar. Məni evə keçməyimə imkan vermədilər, nəzarətdə saxladılar. Həmin gün soyuqda qaldığımdan uşaq möhkəm xəstələnmişdi.
"Halım pisləşdiyi üçün yatdım
Tünzalə Musayeva deyib ki, dekabrın 27-də, saat 11-də qayınanası, qayınatası və Vazeh həyətdə olduqları üçün bundan istifadə edib və gizlincə evdən çıxıb: "Evin yan tərəfi ilə həyətdən çıxmaq istəyəndə qayınanam məni gördü. O, mənə yaxınlaşaraq yumruqla bədənimin müxtəlif nahiyələrinə və sol gözümdən vurdu, ata evinə getməyimə imkan vermədi. Ona görə evə qayıtdım. Həmin gün, saat 14.30-da qayınanam, ertəsi gün isə qayınatam Bakı şəhərinə getdilər.
Zərərçəkmişin ifadəsinə görə, 5 yanvar 2016-cı il tarixdə qayınanası Bakı şəhərindən geri qayıdıb: "Həmin gün saat 13 radələrində qayınanam ilə yenə aramızda mübahisə yarandı. Mübahisə zamanı qayınanam və Vazeh yumruq, şillə ilə başıma vurdular. Sonra hər ikisi Şəki şəhərinə yas mərasiminə getdilər. Saat 17-də halım pisləşdiyi üçün yatdım. Bu zaman anam, əmim və yeznəm bizə gəldilər. Anamgil qayınanam və ərimin məni döyərək xəsarət yetirdiklərini gördükləri üçün təcili tibbi yardım stansiyasına zəng vurdular. Bir qədər sonra anam məni təcili tibbi yardım avtomobili ilə Şəki rayon Mərkəzi Xəstəxanasına apardı.
"Mənə etdikləri əzablara dözmüşəm
Tünzalə Musayeva qeyd edib ki, təqsirləndirilən şəxslərlə barışmayıb, onlardan şikayətçidir: "Onlar məni hamilə vaxtıda döyüblər, ac-susuz saxlayıblar. Ona görə uşağım da xəstələnib. Hamilə vəziyyətində döyüldüyü üçün Bakı şəhərində 40-cı polis bölməsinə şikayət etmişəm. Qayınanam məni pozğun adlandırıraq həmişə mübahisə edib, döyülməyimin səbəbini anlaya bilməmişəm. Zaman keçdikcə mənimlə yaxşı dolanacaqlarına ümüd edərək, bu qədər vaxt ərzində ərim və onun ailəsinin mənə etdikləri əzablara dözmüşəm.
"Gəlinimi döyməmişəm
Təqsirləndirilən şəxs Aybəniz Musayeva ifadəsində ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: "Gəlinim Tünzalə Musayevanı döyməmişəm. Onun bizim tərəfimizdən döyülməsi barədə heç bir sübut, şahid yoxdur. Tünzalə Musayevanın dedikləri hamısı yalandır, anası ilə qurduğu oyundur. Mən gəlini döymək üçün almamışdım. Maşa ilə vurulan göz partlayıb tökülməlidir. Tünzalənin gözü isə bir balaca göyərib.
"Tünzalənin nərdivandan yıxılmasını görməmişəm
Aybəniz Musayeva qeyd edib ki, yanvarın 5-də anasının yasında olub: "Tünzalənin niyə bizdən şikayət etdiyini bilmirəm. Ekspert rəyi ilə razılaşmıram, özümü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilmirəm. Oğlumun evinə getməmişəm, 40 gün anamın yasında olmuşam. Bundan sonra Bakıya qayıtdım, bir də yasın 52-ci günü Şəkiyə gəlmişəm. Anamın ölumünün 40-cı günündən sonra Bakıya tək getmişəm. 52-ci gündən sonra isə ərimlə getmişəm. Tünzalə 40-cı polis bölməsinə şikayət edərkən də yalan danışmışdı. Tünzalənin məndən 40-cı polis bölməsinə nəyə görə şikayət etdiyini bilmirəm. Tünzalənin üzərində aşkar edilmiş xəsarətlər onun nərdivandan yıxılmasından əmələ gəlib. Tünzalənin nərdivandan yıxılmasını görməmişəm. Bunu mənə oğlum deyib.
"Bu ailənin dağılmasının əsas səbəbi Tünzalənin anasıdır
Digər təqsirləndirilən Vazeh Musayev də elan olunmuş ittihamda özünü təqsirli bilməyib: "Tünzaləni döyməmişəm. Dekabrın 27-də yumurtaları götürmək üçün nərdivanla tövlənin çardağına çıxmışdı. Həmin gün qar yağmışdı. Tünzalə çardaqdan düşən zaman nərdivanın ayağı sürüşdüyü üçün nərdivandan yerə yıxıldı. Tünzalə yerə yıxılan zaman sağ gözü nərdivanın ayağına dəydi. Onu evə apardım. 2-3 saat dincəldikdən sonra Tünzalə yenə öz işləri ilə məşğul oldu. Dekabrın 31-də isə Tünzalə icazəmlə anasıgili telefon vasitəsilə təbrik etdi. Tünzalənin dediyi kimi, ona pis davranmamışam. Bütün problem, bu ailənin dağılmasının əsas səbəbi Tünzalənin anası Sədaqət Cəlilovadır. O, bizim bütün işlərimizə qarışıb, hökmranlıq etmək istəyirdi. Anası Sədaqət Tünzaləni "doldurduğu üçün o, bizdən şikayət edib.
Ana və oğlun cəzası
Şəki rayon Məhkəməsinin hökmü ilə Vazeh Musayev 1 il, 11 ay, 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək qəti imkan tədbiri ləğv edilib. Barəsində həbs qətimkan tədbiri seçilib, məhkəmə zalından həbs edilib. Digər təqsirləndirilən Aybəniz Musayevanın barəsində isə 2 il müddətinə şərti cəza təyin edilib.
Hər iki təqsirləndirilən şəxs məhkəmənin hökmündən apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Tünzalə Musayeva da apelyasiya şikayəti verərək hər iki təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkmişin şikayətləri təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.