Ötən gecə Şəki rayonunda baş vermiş və 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Yevlax-Zaqatala-Gürcustan sərhədi magistral yolunda "Mercedes və "Wolksfagen markalı iki minik avtomobilinin toqquşması nəticəsində ölən qadınların 2 gün əvvəl Azərbaycana gəldiyi məlum olub.

İlkin araşdırmalardan sonra müəyyənləşib ki, Rusiya Federasiya vətəndaşları, ixtisasca həkim olan 1962-ci il təvəllüdlü Olqa Lesnikova və 1972-ci il təvəllüdlü Oksana Maskolnikova Rusiyanın Vladivastok və Kemerova vilayətindəndir. Hər iki rəfiqə əslən Şəmkirdən olan 68 yaşlı Rafael Qasımovun dəvəti ilə Azərbaycana gəliblər. Bildirilir ki, Olqa Lesnikova ilə yaxın münasibətləri olan R.Qasımov onu rəfiqəsi ilə birgə Azərbaycanda istirahətə dəvət edib. 1 gün Gəncədə qalandan sonra R.Qasımov qohumu İsa Abbasovla birgə Şamil Mehdiyevin idarə etdiyi taksi ilə Şəkiyə gəzməyə gediblər. Oradan qayıtdıqda isə Şamil Mehdiyevin sürdüyü "Wolksfagen Passat əks istiqamətdə hərəkət edən "Mercedesə çırpılıb.

Qəza nəticəsində Rusiyadan Azərbaycana qonaq gəlmiş rusiyalı qadınlarla birgə, onları dəvət edən Rafael Qasımov və sürücü vəfat edib. Avtomobildəki digər sərnişin İsa Abbasov, eləcə də "Mercedeslə Şəkiyə toya gedən 1996-cı il təvəllüdlü Murad Bağırov, 1992-ci il təvəllüdlü Elvin Qasımlı və Rəşad Aslanlı ağır və orta-ağır xəsarətlər alıb.

15:33

Dekabrın 9-u axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasında ölən və yaralananların hamısının şəxsiyyəti müəyyən edilib.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Bərdə rayon sakini Murad Nadir oğlu Bağırovun idarə etdiyi "Mercedes markalı "57 BN 577 dövlət nömrə nişanlı minik avtomobili ilə 1959-cu il təvəllüdlü Gəncə şəhər sakini Şamil Mehdiyevin idarə etdiyi "Passat markalı "20 DA 133 dövlət nömrə nişanlı minik avtomobili qarşı-qarşıya toqquşub.

Ağır qəzadan sonra "Passat markalı avtomobilin sürücüsü Şamil Mehdiyev və avtomobildə sərnişin qismində olan Rusiya vətəndaşları 1962-ci il təvəllüdlü Olqa Lesnikova, 1972-ci il təvəllüdlü Oksana Maskolnikova hadisə yerində ölüblər. Digər sərnişin 1949-cu ildə Şəmkir rayonunda doğulan və hazırda Rusiya vətəndaşı olan Rəfael Tağı oğlu Qasımov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına (ŞMX) çatan an ölüb. Digər yaralı 1963-cü ildə Yevlax rayonunda doğulan və hazırda Rusiyanın Primorski diyarında qeydiyyatda olan İsa Hilal oğlu Abbasov ağır vəziyyətdə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

"Mercedes markalı avtomobilin sürücüsü Murad Bağırov və sərnişinləri 1992-ci il təvəllüdlü Qax rayon sakini Elvin Babək oğlu Qasımlı və 1992-ci il təvəllüdlü Göygöl sakini Rəşad Məzahir oğlu Aslanlı Mingəçevir ŞMX-a yerləşdiriliblər. Yaralıların vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.

APA-nın əldə etdiyi məlumata görə, Rusiyanın ayrı-ayrı diyarlarından olan Olqa Lesnikova və Oksana Maskolnikova ixtisasca həkim-cərrahdırlar. Onlar qəzada ölən Rəfael Qasımovun qonaqları olublar. "Mercedes markalı avtomobilin sürücüsü Murad Bağırov, Elvin Qasımlı və Rəşad Məzahir Aslanlı isə hərbçidirlər.