İki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəmənin vaxtı məlum olub.
Unikal.org xəbər verir ki, lent.az-a bu barədə onun vəkili Türkel Süleymanlı məlumat verib. O bildirib ki, məhkəmə dekabrın 13-ü Nəsimi Rayon Məhkəməsində olacaq. Prosesə hakim Babək Pənahov baxacaq.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qaçan məhbuslarla bağlı Penitensiar Xidmətin 10 əməkdaşı orqanlardan xaric edilib, 3 nəfər vəzifədən azad olunub. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.