Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb. Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub, onlar ölkə yığma komandasının heyətinə cəlb ediliblər.
Milli komandanın baş məşqçisi Firdovsi Umudov ölkə çempionatıyla bağlı fikirlərini Unikal.org-la bölüşüb:
"Yarışlarımız yüksək səviyyədə idi. Doğrudan da çempionatda güclü rəqabət vardı. Hacı Əliyev bu çempionatda iştirak edə bilmədi. Çünki klubların dünya çempionatından qayıtmışdı. Buna görə ona istirahət verdik. Bildiyiniz kimi, qaydalarda dəyişikliklər var. İki çəki əlavə olunub, əvvəl 8 çəki dərəcəsi idi, indi 10-dur. Elə nəzərdə tutulan idmançıllar da bu yarışda yüksək nəticə verdilər. Onlar gənclərin və yeniyetmələrin Avropa, dünya çempionatlarında medal qazanmış idmançılardır. Biz güləşçilər içərisindən seçim etmişik. Seçilənlər də "ilk 3-lükdə yer alanlardır. Azərbaycan çempionatında qızıl qazanmaq o demək deyil ki, artıq Avropa və dünya çempionatlarına vəsiqəni təmin edib. İclas keçirdik, onlara bu barədə öz sözümüzü demişik. Qarşıda təlim-məşqlər var. Məşqlərinə, hazırlığına baxılıb yenidən bir dəyərləndirmə aparılacaq.
Baş məşqçi bildirib ki, güləşçilərin milliyə cəlb olunması ilə hər şey bitmiş sayılmır:
"Millidə Avropa, dünya və olimpiya çempionları da ola bilər. Onların hazırlıqları qənaətbəxş deyilsə, nizam-intizama riayət etmirsə komandadan göndəriləcəklər. Qazandıqları dünya, Avropa çempionluğu, olimpiya medalları artıq keçmişdə olub. Bu gün hansı idmançı hazırdırsa o idmançı da milli komandanın tərkibində yer alacaq. Özlərini yaxşı tərəfdən göstəsələr dünya kubokunun, Avropa və dünya çempionatlarında iştirak etmək hüququ qazana bilərlər. Əsas olan tam hazırlıq, nizam-intizamdır.
Bəzi idmançılar oldu ki, onların səhvləri haqqında da məlumatlar verdik, şəxsi məşqçiləri ilə də söhbət aparmışıq. Təbii ki, yığma komandamızda olan güləşçilərin şəxsi məşqçiləri ilə hər zaman danışırıq, əlaqədə oluruq.
99 faiz idmançılar millinin məşq prosesində iştirak ediblər. Ağır çəkilərdən başqa bütün idmançılar hamısı yeniyetmə və gənclərin, böyüklərin Avropa və dünya çempionatlarında nəticə vermiş idmançılardır.
Tanınmış güləşçilərin də çəkisində dəyişiklik etmək ehtimalına F.Umudov belə cavab verib:
"Planda var. Hacı Əliyevlə eyni çəki dərəcəsində idmançılar var ki, onların çəkisində dəyişiklik edilə bilər. Başqa idmançılar da var ki, onları biz yoxlamadan keçirəcəyik.
Firdovsi Umudov narazı qalanlar və zənglə tələbəsini milliyə qatmaq istəyənlərdən də danışıb:
"Bəzən zəng edirlər ki, hazır idmançıdır, millidə gəlib məşq etsinlər. Baxırsan ki, onun hazırlığından danışmaq olmur. "Yox" deyəndə də şəxsi məşqçilər onu başqa cür anlayır. Millinin tərkibində məşq edənlər tam hazır idmançılardır. Çünki burada birinci dərəcəli idmançılar olur, çətinliyə, yükləmələrə dözə bilməlidirlər.
Sözsüz ki, çempionat boyu bütün yarışları izlədik. Yarış zamanı əsəblər gərgin olur və əlbəyaxaya da çıxa bilərlər. Bu zaman öz göstərişimizi veririk. Həmin idmançılar nailiyyətindən asılı olmayaraq komandanı tərk edir.
Yarışın video çəkilişi bizim əlimizdədir. Qərəzli nə isə olarsa, izlənilir. Final görüşləri zamanı rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançılar da oldu. Buna misal olaraq deyə bilərəm ki, 79 kq-da Murad Süleymanovla Cəbrayıl Həsənovun görüşünün gərgin keçəcəyi düşünülürdü.
Deyirdilər ki, M.Süleymanov bu il Avropa çempionatının gümüş medalını qazanıb, Firdovsi Umudov onu bu il dünya çempionatına aparmadı. Hər yerdə boş-boş danışanlar, yalan fikir formalaşdıran insanlar çox olur.
Kim güclüdürsə yarışa da o gedir. Onların görüşü ilk dəqiqələr normal keçsə də, Cəbrayıl Həsənov rəqibinə böyük hesabla qalib gəldi. Mənim üçün idmançıların hamısı eynidir. Yaxşı insan ola bilərsən, amma baş məşqçi üçün əsas olan hazırlıqdır.
İdmançıların səviyyəsini məşqçidən yaxşı kimsə görə bilməz. Biz heç bir sənət sahəsinin mütəxəssisinin işinə qarışmırıq, onlar da məşqçilərin işinə qarışmasın. Məşqçilər özü hər şeyi yaxşı görür.
Qeyd edək ki, ümumilikdə 212 sərbəst güləşçinin mübarizə apardığı çempionat gərgin və maraqlı görüşlərlə yadda qalıb. Yarışlarda Əfqan Xaşalov (57 kq), Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Murtuz Müslümov (70 kq), Hacımurad Ömərov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərini üstələyərək Azərbaycan çempionu adını qazanıb.
Aygün İlqarqızı