"Qəbələnin hücumçusu Famussa Kone Azərbaycanı tərk etməyə, yenidən Türkiyəyə qayıtmağa hazırlaşır.
Unikal.org-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, yayda "Göztəpədən icarəyə götürülən malili hücumçunun sabiq komandasına - "Samsunspora qayıtması gözlənilir.
Baş məşqçi Engin İpekoğlu da Konenin komandasına qayıtmasında israrlıdır. Türkiyəli həmkarlarımızın yazdığına görə, baş məşqçinin klub rəhbərliyinə təqdim etdiyi transfer siyahısında Famussanın adı ilk sırada göstərilib.
Məlumata görə, "Qəbələdə indiyə qədər 16 oyundan 9-unda start heyətdə meydana çıxan forvard 904 dəqiqə oynayıb, 6 qola imza atıb. İcarə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq Konenin "Qəbələdə xoşbəxt olmadığı və qış fasiləsində komandadan ayrılmaq istədiyi iddia olunur.
Bildirək ki, Almaniyanın məşhur "transfermarkt" saytında Famussa Konenin cari transfer qiyməti 1 milyon dollar olaraq göstərilib.
Qeyd edək ki, Kone 2015/16 mövsümündə, eləcə də ötən mövsümün ikinci yarısında Samsun təmsilçisində forma geyinib. Bu komandadakı çıxışı daha uğurlu alınan 23 yaşlı forvard "Samsunspordan dəvət alıb.