Bakı İdman Sarayında kişi və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib.

Unikal.org xəbər verir ki, açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.

Çempionatın açılışını federasiyanın prezidenti R.Abdullayev edib.
A.Rəhimov çıxışında 55 idman klubundan 500-dək cüdoçunun yarışa qatılmasını, eləcə də Azərbaycan cüdoçularının nailiyyətlərini yüksək qiymətləndirib. O, 2017-ci ildə 851 medaldan 193-nün cüdoçular tərəfindən qazanıldığını vurğulayıb. Nazir Azərbaycan çempionatının vacib sınaq olduğuna və istedadlı idmançıların yetişməsi baxımından əhəmiyyətinə diqqət çəkib.
Daha sonra dövlət himni səsləndirilib.

Qeyd edək ki, çempionatda 55 komandadan 456 nümayəndə çıxış edəcək - 395 cüdoçu kişi və 61 cüdoçu qadındır. Azərbaycan çempionatı dekabrın 28-dək davam edəcək.