2017-ci ildə velosiped və bodibildinq üzrə hərəyə 3, həndbol və atletika üzrə hərəyə 2, ağırlıqqaldırma üzrə 1 dopinq-test müsbət nəticə verib.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müsbət nəticələrdən əlavə, yoxlamalar zamanı bodibildinqdə şübhəli - atipik nəticə halına rast gəlinib.
Anti-dopinq qaydalarına əsasən, yalnız müsbət nəticə pozuntu deyil. İl ərzində qadağan olunmuş maddənin istifadəsi halları 1 dəfə, dopinq nəzarətindən imtina 2 dəfə, könüllü şəkildə etiraf 1 dəfə, məkan məlumatları pozuntusu halları isə 8 dəfə baş verib.
9 idmançıda anabolik vasitələr, 3-də hormon və metabolik modulyatorlar, 2-də diuretiklər və gizlədici maddələr, 2-də simulyantlar, 1-də isə narkotiklər aşkarlanıb. Daha 1 idmançıda isə müxtəlif steroid üzə çıxıb.
Ş.Hüseynlinin özlərinə görə, hazırda dövlət qurumları və idman təşkilatları ilə əməkdaşlıq müqavilələri imzalanır:
"Ölkədə anti-dopinq işlərinin aparılması üçün yetərli baza yoxdur. Yaxın vaxtlarda Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq memorandumu imzalanacaq. Ölkədən giriş-çıxış məsələləri çox vacibdir. Artıq idmançılar ölkədə olub-olmadıqlarına dair düzgün məlumat vermədikdə, Dövlət Sərhəd Xidmətindən dəqiq məlumat ala biləcəyik. Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edirik. Gənclər və İdman Nazirliyi bizə dəstək olur".
Şəfəq Hüseynli bildirib ki, sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev və cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) təmiz idman səfirləri seçilib:
"Səfirlər qurumun təşkil edəcəyi tədbirlərə qatılaraq idmanın dopinqsiz olması istiqamətində təbliğat işlərində fəal iştirak edəcəklər".