Dövlət Gömrük Komitəsi (DGK) Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsirli maddənin ölkənin sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.
Unikal.org DGK-yə istinadən xəbər verir ki, Bakı-Tbilisi aviareysi ilə getmək istəyən Hindistan vətəndaşının çantası rentgen aparatından keçirilərkən çantada olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o saxlanılıb.
Vətəndaşın çantası təkrar yoxlanılıb və çantanın içərisində olan əşyaların arasında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd üzərində "Tricare SR Tramadol Hydrochloride Sustained Release Tablets IP 100 mg" və 1 ədəd üzərində "Tricare Tramadol Hydrochloride 50 mg & Paracetamol Tablets" yazılmış dərman qutuları aşkar olunub.
Həmin qutulara baxış zamanı isə birində cəmi 180 ədəd, digərində isə cəmi 190 ədəd ağ rəngli həblər aşkarlanıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən həblər "Tramadol" adlı dərman vasitəsidir.
Xatırladaq ki, "Tramadol" Azərbaycanda "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.