Xəbər verdiyimiz kimi, "Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişinin 2013-cü ildə başladığı araşdırma yekunlaşıb. Stəkan Məmmədova adlı Masallı sakininin proqrama müraciəti əsasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, onun qızı Bahar Məmmədova nişanlısı Vüqar İsayev tərəfindən qətlə yetirilib. Bir neçə gün əvvəl daxili işlər və prokurorluq orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb. Məlum olub ki, 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq öldürüb.
Kənd bələdiyyə sədri Xanbala Qasımov Unikal.org-a açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanlarının iştirakı ilə Vüqar İsayev saxlanılıb və onun iştirakı ilə meytin yeri müəyyənləşib.
X.Qasımov əlavə edib ki, meyit ekspertiza olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə verilib və meytin qalıqları yaxınlarına qaytarılmayıb: "Ola bilər ki, meytin sümükləri Bakıyada gətirilsin. Çünki bu hadisə daha dəqiq araşdırma tələb etdiyindən bu gözləniləndi.
Bələdiyyə sədri onu da əlavə edib ki, meytin dəfn edilməsi üçün yaxınları tərəfindən iş aparılır: "Çox güman ki, yaxın vaxtlarda meyit dəfn ediləcək.
Hazırda Masallı rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları qadının şəxsiyyətinin müəyyənləşdirilməsi, eyni zamanda hansı şəraitdə öldürülməsi istiqamətində araşdırmalar aparır.