2018-ci ildə neft bazarının perspekivləri kifayət qədər nikbindir, bununla belə bir sıra suallar da mövcuddur.
Unikal.org xəbər verir ki, bunu trend-ə Fransa Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun (IRIS) böyük elmi işçisi Fransis Perren deyib.
Ekspert hesab edir ki, 2017-ci ildə olduğu kimi 2018-ci ildə də OPEK-ə daxil olmayan ölkələrdən neft tədarükü artacaq: "2018-ci ildə artım ötən ilə nisbətən daha ciddi olacaq. Növbəti dəfə artımın aparıcı qüvvəsi gündə bir milyon barrel hasilatla ABŞ olacaq. Bu artım dünya neft bazarının təkrar balanslaşdırılması üçün başlıca maneə olacaq.
F.Perren xatırladıb ki, hazırda neft qiymətləri 2014-cü il dekabrından bəri ən yüksək səviyyədədir.
O qeyd edib ki, bu qiymətlər bir sıra amillərlə izah edilir: "İrandakı vəziyyətdən, Şimal dənizində Fortis boru kəmərinin bağlanmasından, Liviyada boru kəmərinə hücumdan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzv-ölkələrində sərt qışdan əlavə, yüksək neft qiymətləri başqa amillərlə də izah olunur. Dünyada iqtisadi inkişaf dayanıqlıdır və bunun nəticəsidir ki, neftə tələbat artır. Öz növbəsində OPEK 2017-ci ildə hasilatı azaltdı və bu saziş 2018-ci ilin sonunadək uzadıldı. OPEK-ə daxil olmayan daha 10 ölkə, o cümlədən Rusiya və Azərbaycan təşkilatla əməkdaşlıq edir və İƏİT ölkələrində xam neft ehtiyatları azalır. Neft bazarı tələblə təklif arasında tarazlıq vəziyyətindədir.