Ləğvetmə prosesində olan "Dəmirbank ASC-nin ipoteka portfeli "Muğanbank", "Günay Bank", "Rabitəbank" və "NBC Bank" ASC-lərə ötürülüb.
Unikal.org xəbər verir ki, bu barədə apa-ya Azərbaycan İpoteka Fondundan məlumat verilib.
"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən "DəmirBank ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib. Qeyd olunanlarla əlaqədar, "DəmirBank" ASC tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditlərinə xidmətin həyata keçirilməsinin mümkün olmaması səbəbindən bankla bağlanmış Xidmət müqaviləsinin şərtlərinə əsasən bankda xidmət olunan ipoteka kreditləri portfeli 27.12.2017-ci il tarixindən etibarən "Muğanbank" ASC, "Günay Bank" ASC, "Rabitəbank" ASC və "NBC Bank" ASC-yə ötürülüb,- deyə məlumatda vurğulanıb.
"Dəmirbankın digər banklara xidmət üçün ötürülən portfelin həcmi 37,2 mln. manat (1170 borcalan) təşkil edib.
"Hazırda portfelin ötürülməsi prosesi tam başa çatıb və qeyd olunan müvəkkil banklar tərəfindən xidmətə başlanılması ilə bağlı zəruri işlər tamamlanıb, - deyə məlumatda qeyd olunub.