Xəbər verdiyimiz kimi, "Çudo Peçka"nın həbsdə olan sahibi və hazırda məhkəməsi davam edən Çingiz Cəlilovun qardaşı Pərviz Cəlilov, oğlanları Anar, Teymur, Asim atalarının cinayət işində şahid qismində dindiriliblər.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, istintaqa ifadə verən Pərviz Cəlilov deyib ki, 2001-ci ildə qardaşı Çingiz Cəlilov "Çudo Peçkanı təsis edib, o da şirkətin baş direktoru olub: "İlk fəaliyyətə "MUM univermağının yanında 1 mağaza açmaqla başladıq. Mənim əsas işim şirkətin ümumi fəaliyyətinə rəhbərlik etmək idi, mühasib isə Fərman Quliyev idi. Biz işə başlayanda 10-15 işçimiz var idi. Altı ay sonra ikinci mağaza açıldı, 2012-ci ildə də "Sahil metrostansiyasının yaxınlığında 3-cü mağazanı açdıq. 2005-ci ildə artıq 4 mağaza, 60 işçi var idi. Bir işçinin orta aylıq əmək haqqısı 150-180 manat idi. Mağazalar icarəyə götürülürdü. 2006-cı ildə tanışım Yuri Vasilyeviç vasitəsilə "Bank Standard QSC-nın İdarə Heyətinin səri Səlim Krimanla tanış oldum. Səlim şirkətin daha da genişləndirilməsi üçün bankın kömək edə biləcəyini, yüksək məbləğli kredit verə biləcəyini dedi. Mən də bu təklifi qardaşım Çingiz Cəlilovla müzakirə etdim və yeni mağazaların açılması üçün bankdan kredit götürməyə razılıq verdik. Mən kredit üçün banka müraciət etdim, Səlim Kirman dedi ki, məbləğ yüksək olduğu üçün bölünərək ayrı-ayrı şəxslərin adı rəsmiləşdirilməlidir.
Bundan sonra Çingizlə mən qohumlarımız və işçilərlə danışaraq onların adına kredit götürülməsinə razı saldıq.Biz həmin adamlara dedik ki, kredit üçün girov qoyacağıq və aylığı özümüz ödəyəcəyik. Mən, mühasib Fərman Quliyev və adına kredit götürüləcək şəxslər birlikdə bankın baş ofisinə getdik. Həmin adamlar kredit üzrə sənədləri imzalayıb kassadan pulu götürüb oradaca Fərman Quliyevə verirdilər. Fərman da pulu yığın şirkətin mühasibatlığına apardı. Adlarına kredit götürdüyümüz şəxslərə heç bir qəpik də vermədik. Kreditlərə görə Qusar rayonu ərazisindəki torpaqları girov qoyduq. 2006-2009-cu illərdə təxminən 18 milyon manat kredit götürdük. Həmin pullarla əlavə 7 mağaza açıldı. Bir mağazanın açılması üçün 400 min - 1 milyon manat arası pul xərclənirdi. Mağazaların icarə haqları da 500-2000 manat arası dəyişirdi. Şirkətimizin bugünə kimi təxminən 300-350 işçisi olub. 2006-2009-cu illərdə dövriyyəmiz günlük 40-50 min manat idi. Bu üç il ərzində 15 milyon manat kredit ödəmişik, bütün götürülən kreditlər şirkətə xərclənib".
P.Cəlilov bildirib ki, 2009-cu ildə ödənilməmiş qalan kreditə görə onun, qardaşı Çingiz Cəlilovun, qardaşı övladları Anar, teymur və başqa 3 nəfərin adına kredit götürüb borcu qaytarıblar: "2011-ci ildə isə kreditlərin ödənişində problemlər, axsamalar yaşandı. Həmin il şirkətin idarəçiliyi Səlim Kirmana verildi. 2012-ci ildə Səlim şirkətin bütün borclarını silməli, mən, Çingiz və iki oğlundan başqa digər işçilərin adına olan kredit müqavilələri bağlanmalı idi. Amma Səlim vədinə əməl etmədi və 2014-cü ildə bizi məhkəməyə verdi. Kreditlər götürülərkən məqsəd kimi "bağ evlərinin və fərdi yaşayaş evlərinin alınması, təmir edilməsi göstərilməsi Səlim Kirmanın təklifi idi. Biz heç bir ev almamışıq, pullar şirkətə xərclənib.
P.Cəlilov müstəntiqin "illik dövriyyəniz 4,5-5 milyon manat idisə, niyə vergi orqanlarına qat-qat az rəqəmlər təqdim edilib? sualına bu işlərdən xəbərsiz olduğunu, mühasibatlığın bu işlərlə məşğul olduğunu deyib.