Əli Məsimli: "Qiymətlərin durmadan artmasının aparıcı amili monopoliyadır

Dövlət Statistika Komitəsinin yaydığı sonuncu məlumata görə, 2017-ci ildə ərzaq məhsullarının qiymətləri 16,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 11,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3 faiz bahalaşıb.

Rəsmi məlumatda bildirilib ki, ötən ilin dekabr ayında kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, zeytun yağı, çay və qəhvə, banan, alma, armud, nar, qoz, fındıq, şabalıd, xiyar, pomidor, sarımsaq, kartof bahalaşıb.
Qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, zərgərlik məmulatları, şüşə məmulatları, yemək qabları və əşyaları, minik avtomobilləri üçün ehtiyat hissələrinin də qiymətləri qalxıb.

Məlumdur ki, Mərkəzi Bank inzibati yollarla da olsa, ötən il üçün manatın məzənnəsinin sabitləşməsinə nail olub. Amma bu sabitləşməyə baxmayaraq, ərzaq və qeyri-ərzaq mallarının qiyməti durmadan artır.
Ölkədə qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən olan "Azərsun Holdinq MMC-nin bəzi məhsulları devalvasiyadan əvvəlki qiymətlərlə müqayisədə ən azı 3 dəfə bahalaşıb. Kiçik bir nümunə: hələ 2015-ci ilin 21 fevral devalvasiyasına qədər 11 manat 50 qəpiyə təklif edilən 4 kiloqramlıq "Super Sun yağları hazırda 27 manat 99 qəpikdir. 1 kiloqram 74 qramlıq "Super Sunlar isə əvvəllər təxminən 5 manat idisə, hazırda 11.89 qəpiyədir. 0.910 qramlıq "Super Sun yağları isə əvvəllər 3 manat 40 qəpik olsa da, hazırda 6 manat 35 qəpiyə təklif edilir.

"Nisyə dəftərinə üzv olanların sayı artır

Unikal.org xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a bahalaşmanın səbəblərindən danışıb:

"Ötən il hökumətin 7 faizlik inflyasiya proqnozuna qarşı rəsmi statistikaya görə, qiymətlər orta hesabla 13 faiz artdı, ərzaq məhsulları üzrə qiymət artımı isə 16 faizi ötdü. Daha çox istifadə olunan ərzaq və xalq istehlakı mallarının qiyməti durmadan artdığından, inflasiyanın tempi əhalinin gəlirlərinin artımını 2 dəfəyə yaxın üstələyir. Belə şəraitdə əhalinin real gəlirləri və deməli alıcılıq qabiliyyəti aşağı düşür, vətəndaşların xeyli hissəsi əvvəlki qədər mal ala bilmirlər. "Nisyə dəftərlərinə üzv olanların sayı artır. Deməli, mağazaların xeylisi də əvvəlki qədər mal sata bilmirlər və nəticədə əhali ilə yanaşı, həm də sözügedən sahədəki biznesmenlərin də durumu zəifləyir.

Əgər 2015-2016-cı illərdə ölkədə qiymətlərin sürətlə artmasında manatın dollara nisbətdə məzənnəsinin aşağı düşməsini əsas gətirirdilərsə, 2017-ci ildə manat sabit qaldığından, artıq dünya bazarında qiymətlərin artmasını əsas gətirməyə başladılar.

Qiymətləri "şişirdən monopoliyadır

İqtisadçı deputatın sözlərinə görə, bəzi istisnalar çıxmaq şərtilə normal bazar iqtisadiyyatlı ölkələrdə bir qayda olaraq, inflyasiyanın səviyyəsi həmin ölkənin milli valyutasının devalvasiya səviyyəsindən aşağı olur:

"Məsələn, il ərzində milli valyuta 10 faiz devalvasiyaya uğrayırsa, inflyasiya 2-3 faiz arasında dəyişməlidir. Aidiyyatı qurumlar 2015-cı ildəki şok devalvasiyalar zamanı qiymətlərin həmin templərlə sürətli artımına imkan vermədilər. Amma monopoliya 2016-2017-ci illərdə bunun əvəzini artıqlaması ilə çıxa bildi. Son 2 ildə inflyasiya rəsmən 12-13 faiz göstrilsə də, əhalini daha çox işlətdiyi məhsulların qiyməti manatın devalvasiya səviyyəsindən də çox artdı.

İkinci artqument də "axsayır. Aidiyyatı qurumlar 2017-ci ildəki yüksək qiymət artımını daha çox xərclərin və idxal məhsullarının dünya bazarında qiymətlərinin artması ilə əsaslandırırlar. Dünya bazarında yağın qiymətinin nəzərəçarpan dərəcədə artması heç də bütün digər məhsulların da qiymətlərinin həmin səviyyədə qalxması anlamına gəlmir. Həm də Azərbaycanda kərə yağının qiyməti bu məhsulun dünya birjalarndakı qiymətlərinin artım tempindən daha çoxdur. Azərbaycanda yerli yağ istehsalı genişlənir və keyfiyyəti artır. Məsələn, süd zavodumuzun istehsal etdiyi "Milla yerli kərə yağının keyfiyyəti xaricdən gətirilən əksər kərə yağlarından keyfiyyətindən yüksəkdir. Ona görə də ölkdə süd istehsalının artımına nail olmaqla kərə yağı istehsalını da artırmaq, həm yerli tələbatı dolğun şəkildə ödəmək, həm də xaricə mal çıxarmaq lazımdır. Düzdür, "Milla yerli kərə yağının qiyməti xaricdən gətrilən əksər kərə yağlarından bir qədər ucuz olsa da, Azərbaycanın özündə yerli "Milla kərə yağı, onun Rusayiya ixracı zamanı həmin ölkədə satılan qiymətindən baha satılır. Ona görə də elə qiymət siyasəti yeritmək lazımdır ki, yerli yağlar daha çox satılsın.

Dünya birjalarında şəkərin qiyməti aşağı aşağı düşəndə, Azərbaycanda bu məhsulun qiyməti artırdı və son illər həmin artım 30 faizdən çox olub. Amma ötən ilin sonlarının London birjasında və Rusiya bazarlarında şəkərin qiymətinin çox cüzi artması və Ukrayna bazarında nisbi sabit qalması fonunda Azərbaycan bazarında şəkər tozunun qiymətində 19 faiz ucuzlaşma müşahidə olundu. Bu sahədə rəqabətəbənzər proseslərin getməsi şəkər tozunun qiymətinin 20 faizə qədər aşağı düşməsində aparıcı rol oynadı. Bu misal bir daha göstərir ki, ərzaq məhsullarının bahalaşmasına xərclərin artması, gömrük rüsumları və sair kimi bir sira amillər təsir etsə də, əsas səbəb monopoliyanın güclü olmasıdır.

"Hazırkı ikirəqəmli inflyasiyanın iqtisadi əsası yoxdur

Parlament üzvü ərzaq məhsullarının ucuzlaşmasının yeganə yolunun rəqabətli mühitin yaradılması əsasında mümkün olacağını vurğulayıb:

"Ərzaq məhsullarının yerli istehsalı və ölkəyə gətirilməsi sahəsində ciddi rəqabət yaradılsa, qısa zaman kəsiyində həmin məhsulların və əhalinin daha çox işlətdiyi malların qiymətləri 30-40 faiz aşağı düşər. Azərbaycanda hazırkı vəziyyətində ikirəqəmi inflyasiyaya iqtisadi əsas yoxdur. Qiymətlərin durmadan artmasının aparıcı amili monopoliya, onun doğurduğu xaotik qiymət artımı və ədalətsizliklərdir. Manatın məzənnəsinin artması fonunda ötən il Azərbaycanda müşahidə olanan 13 faizlik inflasiyanın, o cümldən ərzaq məhsulları üzrə isə 16 faizdən artıq qiymət artımının yarıdan çoxu monopoliyanın özbaşınalıqlarından və digər bu kimi səbəblərdən doğub. İnhisarçılıq münasibətləri ilə yanaşı, onu da qeyd etmək lazımdır ki, qiymət mədəniyyəti çox aşağı olduğuna, qiymət sahəsində bir xaos yarandığına görə, kim necə istəyirsə, həmin qiymətləri də qoyur. Ona görə də qiymətlər durmadan artır. Ölkədə 1 manatlıq məhsul istehsal etmədən,ölkəyə 1 manatlıq əlavə məhsul gətirmədən sadəcə qiymətləri monopol üsullarla süni surətdə artırmaqla qiymət atımının hər faizinə görə ildə 200 milyon manatdan artıq,təkcə ərzaq üzrə isə ümumilikdə ildə əhalinin ailə büdcəsinə 1,4 milyard manatdan artıq ziyan vururlar.

"Qiymətqoyma mədəniyyətsizliyi aradan qaldırılmalıdır

Ə.Məsimli 2018-ci il və ondan sonrakı illərdə hökumətin qarşısına qoyduğu hədəflər arasında manatın sabitliyinin davam etdirilməsinin mühüm yer tutduğunu qeyd edib:

"Hökumətin 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, 2018-ci ildə orta illik inflyasiya 6,1%, 2019, 2020 və 2021-ci illərdə isə bu göstərici müvafiq olaraq 4,3%, 3,1% və 3,1% olacaq. Əslinə qalsa, manatın sabitliyi fonunda bu il qiymət artımını müəyyən qədər yavaşlatmaq və inflyasiyanı tezliklə birrəqəmli səviyyəyə endirmək mümkündür. Lakin bu il 6 faizlik inflyasiyaya nail olunması, sonrakı illərdə onu daha da aşağı salmaqdan, xüsusən də əhalinin çox işlətdiyi məhsullar üzrə qiymətlərin həmin məqbul hədlər çərçivəsində artamasına nail olamaqdan ötrü əlavə tədbirlərə, xüsusən də inhisarçılığa, qiymət xaosuna və qiymətqoyma mədəniyyətsizliyinə qarşı etibarlı mübarizə mexanizmi yaradılıb həyat keçirməyə ehtiyac var.



"Pensiya və maaşlar artırılmalıdır


Deputat 2018-ci ilin Azərbaycan üçün əhəmiyyətli bir il olduğunu diqqətə çatdırıb:

"2018-ci il - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ili və həm də Prezident seçkiləri ilidir. Ona görə də bu möhtəşəm tarix digər məsələlərlə yanaşı, həm də iqtisadiyyatın səmərəliliyinin artırılması sahəsində və əhalinin sosial vəziyyətində də müsbət iz buraxmalıdır. İqtisadiyyatın səmərəliliyini artırmaq və əhalinin güzəranını yaxşılaşdırmaq sahəsində Azərbaycanın yetərincə potensial imkanları var. Sistemli islahatlar genişləndirilsə və dərinləşdirilsə, iqtisadiyyatımızın həm real, həm maliyyə, həm də sosial sektorlarında vəziyyəti xeyli dərəcədə yaxşılaşdırmaq olar. Ona görə də ciddi islahatlar həyat keçirməklə yerli istehsalın inkişafını sürətləndirmək, əmək məhsuldarlığını artırmaq, monopoliyanın təsir dairəsini məhdudlaşdırmaq istiqamətində ciddi işlər görülməlidir. Son vaxtlar inhisarçılığın zəiflədilməsi istiqamətində müəyyən addımlar atılsa da, bu, hələlik ölkədə inhisarçılığın aradan qaldırıldığını deməyə əsas vermir. İnhisarçılar, rəqabəti boğmaqla, eyni zamanda həm də iqtisadiyyatın şaxələnməsinə, elmi-texniki tərəqqinin inkişafına, əmək məhsuldarlığının artmasına, məhsulun keyyfiyyətinin yüksəlməsinə, onun rəqabət qabiliyyətinin dinamikasına mənfi təsir göstərirlər.

İnhisarçılıq həm də qiymətin süni surətdə artırılmasına və məhsulun tələb və təklifin təsiri altında yaranan bazar qiymətləri ilə deyil, inhisar qiyməti ilə satılmasına, istehsalın həcminin azaldılmasına səbəb olur. Rəqabət Məcəlləsinin qəbulu tezləşdirilməli, antiihisarla bağlı təşkilati tədbirlər həyata keçirilməlidir.

Rəqabətə geniş meydan verilməlidir. Həmçinin bazara daha çox şirkətlərin çıxmasına şərait yaradılmalıdır. Bununla da həmin iş adamları qiyməti aşağı salmaqla uduş əldə etsinlər. Qiyməti qaldırmaqla yox, daha çox mal satmaqla dövriyyədən qazanmaq üsuluna keçilsə və digər sivil bazar münasibətlərinin üsullarından istifadə olunsa, qiymət artımını xeyli dərəcədə səngitmək olar. İnflyasiya 5 faizi ötəndə, bu səviyyədə qiymət artımı əhalinin güzəranına nəzərçarpan dərəcədə mənfi təsir göstərir.

Ötən il hökumətin birrəqəmli inflyasiyaya hədəflənmiş 7 faizlik proqnozuna qarşı, onun 13 faizi, ərzaq məhsulları üzrə isə 16 faizi ötməsi, gəlirlərin isə cəmi 7 faiz artımı şəraitində əhalinin, xüsusən də aztəminatlı təbəqənin güzəranına ciddi, orta təbəqənin güzəranına qismən mənfi təsir göstərdi. Ona görə də büdcə təşkilatlarında çaılışanların maaşlarının, pensiya və müavinətlərin nəzərəçarpan dərəcədə qaldırılmasına ehtiyac var. Bu il bu sahədə addımlar atılacaq.