İstanbulda mənzillənən və müflisləşmə ərəfəsində olan "Palmali şirkətinin tankerlərinə SOCAR-ın terminallarına və limanlarına yan almaq qadağası qoyulub.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin "Deniz Haber portalı məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiyanın "Lukoil şirkəti də "Palmalini qara siyahıya daxil edib və şirkətlə neft daşımalarına dair müqaviləni dayandırıb. Mübariz Mənsimovun dünyanın ən iri neft şirkətlərindən olan SOCAR və "Lukoil şirkətləri ilə münaqişəyə girməsi, onların əleyhinə məhkəmə iddiaları qaldırması nəticəsində "Palmali Denizçilik şirkəti iflasa uğramaq üzrədir.
Vurğulanır ki, bundan əvvəl "Palmali şirkəti SOCAR-a olan yüz milyonlarla dollar borcunu ödəyə bilmədiyinə görə Mənsimovun 14 tankeri SOCAR-ın mülkiyyətinə keçib. SOCAR özünə həmin tankerlərdən ibarət donanma qurub və neft daşımalarını həyata keçirməyə başlayıb. Habelə "Palmalinin Türkiyədəki bəzi turizm aktivləri borcların əvəzində SOCAR-a keçib.
Mənsimov isə aktivlərini geri almaq üçün SOCAR-ın əleyhinə beynəlxalq məhkəmələrdə iddia qaldırmaqla hədələyib. Bu təhdidlərdən sonra Mənsimovla SOCAR arasında münasibətlər tamamilə korlanıb. SOCAR rəhbərliyi şirkətin nəzarətindəki terminallarla və neftayırma zavodlarına "Palmalinin tankerlərinin daxil olmasını qadağan edib.