Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev yanvarın 26-da saat 11:30-da Biləsuvar şəhərində Biləsuvar Gömrük İdarəsinin inzibati binasında (8 Mart küç. 2) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
DGK Mətbuat Xidmətindən unikal.org-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Biləsuvar, Cəlilabad, Salyan, Neftçala, Cəbrayıl rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 25-i saat 11:30-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Biləsuvar Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-34-69) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
DGK vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin tələblərinə cavab verən Azərbaycan vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün DGK-nın internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.
"Test imtahanının və ya müsahibənin nəticələri ilə bağlı namizədlər həmin nəticələr rəsmi internet saytında yerləşdirildiyi gündən 10 (on) iş günü müddətində DGK-da təşkil edilmiş Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Həmin müddət başa çatdıqdan sonra bu qəbildən olan müraciətlərə baxılmır", - deyə məlumatda vurğulanıb.