Yaşlı kişiyə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Rasim Quliyev və Vüsal Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 18-də Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən biridə baş verib. Avtobus sürücüsü dostu ilə əlbir olub, evə basqın ediblər. Qarət məqsədi ilə gələn çağırılmamış qonaqlar yaşlı kişinin döyüb, daha sonra isə şkafa bağlayıblar. Binəqədi qəsəbə sakini, 61 yaşlı Yaqub Sultanov 4-cü polis bölməsinə məlumat verib ki, gecə vaxtı həyətində səs-küy eşidib. Çölə çıxan zaman ona iki nəfər hücum edib, mənzilə salıblar.
Yaşlı kişidən pul və qızıl tələb ediblər. Pulu olmadığını deyəndə onlar Yaqub Sultanovu döyüb, şkafa bağlayıblar. Səsə qonşular gəldikdə hər iki şəxs qaçıblar. Binəqədi polisi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və əvvəllər məhkum edilmiş Vüsal Abdullayevi saxlayıb. Məlum olub ki, hadisəni törədən Vüsal Abdullayev Bakıda 36 saylı marşrut avtobusunun sürücüsü olub.
Saxlanılan şəxslər polisə ilkin ifadələrində bildirib ki, onlar bir neçə gün zərərçəkmişin evinin ətrafında olub, plan qurublar.