Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2017-ci ildə aparılan maliyyə nəzarəti tədbirlərinin nəticələri haqqında məlumatı açıqlayıb.

Nazirlikdən unikal.org-a verilən məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ildə risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 14 rayon və şəhər icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların və şəhərlərin abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 1 şəhər ərazi nümayəndəliyinə, həmçinin 11 təhsil, 10 səhiyyə, 1 meliorasiya və su təsərrüfatı müəssisələrinə, 1 statistika müəssisəsinə, 1 mərkəzi icra hakimiyyəti orqanına, 2 diplomatik nümayəndəliyə, regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb, 2 açıq səhmdar cəmiyyətdə suvarma layihələrinin icrası üzrə monitorinq aparılıb.

2017-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına aşkar olunan 7 mln. 367,9 min manat məbləğində artıq ödənişlərin 4 mln. 673,7 min manatının yoxlamaların gedişində, 81,8 min manatının isə cari ilin əvvəlində bərpası təmin edilib, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanılan ştat vahidləri ləğv edilib, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Hesabat dövründə ümumilikdə aşkar edilən yuxarıda qeyd edilən artıq ödənişlərin 10 təşkilat üzrə 2 mln. 331,8 min manat hissəsinə dair yoxlama materiallarında məniməsəmə əlamətləri müşahidə edildiyindən bu nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədlər Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilib.

Aşkar edilən əsassız ödənişlərin 4 təşkilat üzrə 280,6 min manat hissəsinə dair yoxlama materialları isə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib.

Hesabat dövründə Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubları ilə Maliyyə Nazirliyinə göndərilən prokurorluq orqanlarının qərarlarına əsasən 8 təşkilatda prokurorluq orqanlarının qərarlarında qeyd olunan suallar yoxlanılıb, aşkar edilən 678,3 min manat məbləğində artıq və əsassız ödənişlərin 57,6 min manat hissəsi yoxlamaların gedişində bərpa edilib, yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

2017-ci il ərzində müxtəlif dövlət orqanlarına ünvanlanan və həmin orqanlar tərəfindən Maliyyə Nazirliyinə göndərilən, habelə birbaşa Maliyyə Nazirliyinə daxil olmuş və araşdırılması Dövlət Maliyyə Nəzarəti Xidmətinə həvalə edilən 260-dan çox vətəndaş müraciətləri ölkə başçısının tapşırıqlarına uyğun olaraq daha diqqətlə öyrənilərək araşdırılıb, müraciətlərdə qaldırılan məsələlərin xeyli hissəsi təsdiqini tapıb və vətəndaşların hüquqları bərpa edilib. Bu səpkili 20 müraciətin araşdırılması zamanı aşkar edilən nöqsanların ciddiliyi nəzərə alınaraq araşdırılmaların nəticələrinə dair tərtib edilən sənədlər həmin nöqsanlara hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib.

Aparılan nəzarət tədbirləri ilə büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətdiklərinə görə 760 vəzifəli şəxsə ümumilikdə 639,0 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Hesabat dövründə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda aparılan yoxlamalarla aşağıdakı xarakterik nöqsanlar aşkar olunub:

- abadlıq və təmir işlərinin podratçı təşkilatlar tərəfindən dəyərinin əsassız olaraq artırıldığı və bu hesaba onlara artıq büdcə vəsaitinin ödənildiyi, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə zidd olaraq satınalma metodlarından istifadə etmədən malların, iş və xidmətlərin satın alınması hallarına yol verildiyi;

- bəzi rayon icra hakimiyyətlərində malların dəyərinin ödənilməsi üçün nəzərdə tutulan vəsaitlərin işçilərdən birinin plastik kartına köçürüldüyü və sonradan plastik kartdan nağd qaydada çıxarılaraq pərakəndə satış məntəqələrindən nağd ödənişlə malların alınmasının həyata keçirildiyi;

- əməkhaqlarının əsassız olaraq artırıldığı və əsassız olaraq artırılan hissəsinin baş mühasiblərin və onlara yaxın adamların plastik kartlarına köçürülərək israf edildiyi;

- ali və orta ixtisas təhsili müəssisələrində tələbələrdən təhsil haqqının yığılaraq vaxtında mədaxil edilmədiyi və borcların mühasibat uçotunda düzgün əks etdirilmədiyi, artıq kafedraların və fakultələrin saxlanıldığı, maddi-məsul şəxslərin öhdələrində material qiymətliləri üzrə xeyli məbləğdə çatışmazlıqlara yol verildiyi;

- xəstəxanalarda növbəti illər üçün ştat cədvəlləri tərtib edilərkən əvvəlki dövrlərdə vakant qalmış ştat vahidlərinin nəzərə alınmadığı və nəticədə bütün illərdə proqnozlaşdırılmış ştat vahidlərinin xeyli hissəsinin vakant qaldığı və bu hesaba ənəkhaqqı fondunda yaranmış böyük məbləğdə sərbəst vəsaitin işçilərə əlavə haqq kimi ödəndiyi;

- müvafiq qaydada müəyyən edilmiş normadan artıq ştat vahidlərinin saxlandığı, digər təşkilatlarda öz iş yerlərində işləyən və əmkhaqqı alan işçilərin eyni dövrdə xəstəxanalarda stasionar rejimdə müalicə olunduqlarının sənədləşdirildiyi və onlara əmək qabiliyyətini müvəqqəti itirməyə görə xəstəlik vərəqələrinin verildiyi;

- statistika idarələrində müvafiq qaydada müəyyən edilmiş normadan artıq ştat vahidlərinin saxlanıldığı, məzuniyyətdə olan sürücülərin adlarına əməkhaqlarının yazıldığı;

- mövcud qaydalara uyğun olaraq kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi zamanı bu işlərə məşğulluq xidmətlərində iş axtaran və işsiz kimi qeydə alınmış alı və orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisləri cəlb edilməli olduğu halda, peşə ixtisasları və işləyib-işləmədikləri barədə müvafiq araşdırmalar aparılmadan faktiki olaraq müxtəlif təşkilatlarda daimi işləyən işçilərin müvəqqəti işçi kimi bu işlərə cəlb edildiyi;

- ayrı-ayrı ümumtəhsil məktəblərinin özlərinin müstəqil binalarının olmadığı, həmin məktəblərin müxtəlif ünvanlarda dərslərin tədrisi üçün heç bir şəraiti olmayan, məktəb kimi fəaliyyət göstərməsi üçün yararsız və qəzalı vəziyyətdə olan tikililərdə və ayrı-ayrı darısqal otaqlarda yerləşməsinin sənədləşdirildiyi;

- şəbəkə üzrə təsdiq edilmiş sinif komplektlərinin sayına görə sinif otaqları olmadığı və maddi-texniki bazası imkan vermədiyi halda müvafiq qaydada müəyyən edilmiş normadan artıq sinif komplektlərinin və ştat vahidlərinin saxlanıldığı;

- dərslər əsas müəllimlər tərəfindən keçirildiyi və jurnallar onlar tərəfindən yazıldığı halda, dərs saatlarının əvəz edilməsinin digər müəllimlərin adlarına rəsmiləşdirildiyi;

- faktiki olaraq işə davamiyyəti olmayan işçilərə və işğaldan sonrakı dövrdə işə qəbul edilmiş və faktiki olaraq işləyən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əməkhaqqının ödənildiyi;

- alınması rəsmiləşdirilmiş maddi dəyərlilərin maddi-məsul şəxslərin hesabında uçota alınmadığı və onların yoxlama zamanı aparılmış inventarlaşma ilə faktiki mövcud olmadığı;

- musiqi məktəblərindən kənarlaşdırılmış uşaqlara tədris adı ilə, habelə ixtisas fənləri üzrə dərs saatları ilə üst-üstə düşən köməkçi fəndlər üzrə deyilməsi sənədləşdirilən dərs saatlarına görə müəllimlərə əmək haqqı hesablandığı;

- şəraiti olmayan otaqlarda musiqi dərslərinin deyilməsinin sənədləşdirildiyi;

- işdən kənarlaşdırılmış və ümumiyyətlə musiqi məktəbində işləməyən şəxslərin adlarına açılmış plastik kartlara əmək haqqı adı ilə əsassız olaraq böyük məbləğdə vəsait köçürüldüyü;

- rayon baytarlıq idarələrində zərərli iş şəraitində işləməyən işçilərə zərərli iş adı ilə əlavə haqq ödənildiyi, maddi-məsul şəxslərin öhdələrində dərman preparatları üzrə çatışmazlıqların olduğu, xırda və iri buynuzlu heyvanların saylarının artıq göstərilməsi hesabına vaksin preparatlarının artıq silindiyi.

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən hesabat dövründə aparılan yoxlamalarla aşkar olunan nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib.