Xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə hökmündən prokuror apellyasiya protesti verib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması istənilib.
Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun icraatına verilib. Məhkəməni hazırlıq iclası fevralın 2-ə təyin edilib.
Qeyd edək ki, keçən il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Nehmətov 5 il, P. Hüseynov 2 il, R. Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
E. Nehmətovun Y. Qocayevi qəsdən deyil, ehtiyatsızlıqdan öldürdüyü qənaətinə gəlib. Buna görə də onun ittiham olunduğu maddə ehtiyasızlıqdan adam öldürmə maddəsinə tövsif edilib.