Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə 69 nəfər şahidin olduğu elan edilib. Hakim bildirib ki, onlardan, sadəcə, 13 nəfəri dindirilib. Məhkəmə prosesə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Hakim qeyd edib ki, Leyla Şıxlinskaya da məhkəməyə gəlməsi üçün sonuncu xəbərdarlıq edilib.
Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.
Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.
Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zaman Ş.Abbasova himayəsində 2 azyaşlı uşaq olduğunu deyib.
S.Qasımova da himayəsində iki azyaşlı uşaq olduğunu, Tibb Universitetində həkim işlədiyini bildirib.
A.Hüseynova subay olduğunu, lakin himayəsində bir azyaşlı uşaq olduğunu qeyd edib.
M.Hüseynova bildirib ki, ailəlidir, himayəsində iki azyaşlı uşaq var, hazırda həmin klinikada qeydiyyatçı işləyir.
Y.Abdullayeva isə söyləyib ki, himayəsində iki azyaşlı uşaq var və həmin klinikada qeydiyyatçı vəzifəsində çalışır.