Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, Tehran-Bakı aviareysi ilə gələn İran vətəndaşının çamadanı rentgen aparatından keçirilərkən çamadanda olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb.

Vətəndaşın çamadanı təkrar yoxlanılıb və çamadanın içərisində olan şəxsi əşyaların arasında, üzərində "Alprazolam 1 - ABIDI, Alprazolam 1 mg" sözləri yazılmış iki ədəd qutudakı 15 konvalyutun hər birində 10 ədəd olmaqla, cəmi 150 ədəd ağ rəngli həblər aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən ağ rəngli həblər alprazolam dərman preparatıdır.

Xatırladaq ki, alprazolam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III siyahısına daxildir və aşkar edilən 150 ədəd həbdə alprazolamın təsiredici maddəsinin ümumi miqdarı 0,15 qram təşkil edir.


Faktla bağlı araşdırma aparılır.