Gömrük əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində həmin şəxsin düz bağırsağında 3 ədəd bağlamada narkotik vasitələr - xalis çəkiləri 173,265 qram heroin və 20,62 qram tiryək, həmçinin 24,25 qram psixotrop maddə - metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.